“Xalçaçılıq sənətini yaşat və təbliğ et” adlı layihənin açılış mərasimi
10 dekabr, 2016 | Binəqədi rayonu, Azərbaycan Respublikası

Binəqədi rayon İcra Hakimiyyəti, rayon Gənclər və İdman İdarəsi və Azərbaycan Xalça Muzeyinin birgə təşkilatçılığı ilə 10 dekabr 2016-cı il tarixdə Binəqədi rayon Gənclər evində “Xalçaçılıq sənətini yaşat və təbliğ et” adlı layihənin açılış mərasimi keçirilmişdir.

Tədbirdə Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sevinc Süleymanova, rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Jalə Tofiqqızı, Azərbaycan Xalça Muzeyinin mətbuat xidmətinin rəhbəri Fuad Rəsul və muzeyin elmi işçisi Təranə Məlikova, Bakı Humanitar Kollecinin tələbələri, ASAN könüllüləri iştirak etmişdirlər.

Tədbiri Sevinc Süleymanova giriş nitqi ilə açaraq qonaqları salamlamışdır. O bildirmişdir ki, Azərbaycanın xalq - tətbiqi sənəti olan xalçaçılıq xalqımızın mədəniyyət tarixində özünəməxsus yer tutmuş və tarixən böyük inkişaf yolu keçmişdir. Tədbirdə həmçinin qeyd olunmuşdur ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və böyük zəhməti sayəsində milli xalçaçılıq sənəti 2010-cu ildə UNESCO-nun Qeyri-maddi Mədəni İrs Siyahısına daxil edilmişdir.

Rayon İcra Hakimiyyətinin nümayəndəsi Jalə Tofiqqızı layihənin mahiyyəti və əhəmiyyəti barədə iştirakçılara məlumat vermiş və bildirmişdir ki, layihənin məqsədi ölkəmizin bütün bölgələrində Azərbaycan xalqının sevə-sevə yaşatdığı, əsrlər boyu qoruduğu qədim sənət növü olan xalçaçılığın tarixinin öyrənilməsi, xalça sənətinin gənc nəsillərə təbliğ olunmasıdır.

Sonra Azərbaycan Xalça Muzeyinin mətbuat katibi, layihənin koordinatoru Fuad Rəsul iştirakçı gənclərə layihə haqqında ətraflı məlumat vermişdir. O qeyd etmişdir ki, layihə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 7 dekabr 2004-cü il tarixdə imzaladığı “Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi” haqqında Azərbaycan Respublikası Qanununun 6-cı maddəsində qeyd olunan “Azərbaycan xalça sənətinin təbliği” - bəndinə uyğun olaraq həyata keçirilir. Bildirilmişdir ki, layihə çərçivəsində təsdiq edilmiş tədris planında 1 ay müddətində Azərbaycan Xalça Muzeyinin əməkdaşları hər həftənin şənbə günü mühazirə ilə çıxış edəcəklər, 1 nəfər xalçaçı-rəssam dərs iştirakçılarına əyani şəkildə milli naxışları çəkməyi, yerli toxucu isə xalçanın toxunması texnikalarını öyrədəcəkdir.

Çıxışlardan sonra Azərbaycan xalça sənətindən bəhs edən video çarx nümayiş etdirilmişdir. Həmçinin Azərbaycan Xalça Muzeyinin elmi işçisi Təranə Məlikova mədəni irsimiz olan “Xalçaçılıq sənətinin yaranma tarixi və inanclar” mövzusunda gənclərə ətraflı məlumat vermişdir.

Layihənin sonunda iştirakçı gənclər Azərbaycan Xalça Muzeyini ziyarət edəcəklər və onlara əyani olaraq eksponatlar haqqında geniş məlumat veriləcəkdir. Həmçinin layihəni uğurla başa vuran gənclərə sertifikatlar təqdim olunacaqdır.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.