“Zərərli vərdişlərə hamılıqla yox deyək” mövzusunda tədbir
27 fevral 2019 | Saatlı rayonu, Azərbaycan Respublikası

27.02.2019-cu il tarixdə Saatlı rayon Heydər Əliyev Mərkəzində, Heydər Əliyev Mərkəzinin və “Saatlı Gənclər evi” sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə “Zərərli vərdişlərə hamılıqla yox deyək” mövzusunda tədbir keçirildi. Tədbirdə Saatlı rayon Peşə Liseyinin müəllim və şagird kollektivi, həmçinin Heydər Əliyev Mərkəzinin və Gənclər evinin əməkdaşları iştirak etdi. Təşkil olunan maarifləndirici görüşdə uşaqlara narkomaniya və bu kimi bağımlılıq yaradan zərərli vərdişlər barəsində ətraflı məlumatlar verildi. Həmçinin ölkə rəhbərliyinin də bu mövzu da tədbirlər keçirilməsi və bu kimi fəsad törədici vərdişlərin qarşısının alınması üçün dövlət proqramı təsdiqlədiyi də vurğulandı. Bəşəriyyət üçün ən böyük bəlalardan olan narkomaniyanın törətdiyi fəsadlara qarşı mübarizə bu gün xususilə aktual xarakter daşıyır. Narkomaniya əleyhinə aparılan tədbirlər hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində olmuş, onların gücləndirilməsi istiqamətində bir sıra işlər görülmüşdür. Bu maarifləndirici tədbirlərdə bu gün bütün dünya üçün ən təhlükəli bəlalardan biri olan narkomaniyanın yeniyetmə və gənclər üçün necə təhlükəli və qorxulu bir bəla olduğu barədə məlumat verilir, filmlər və roliklər nümayiş etdirilir. Narkomaniyaya qarşı aparılan işlərin əsas istiqamətlərindən birinin yeniyetmələrin asudə vaxtlarından səmərəli istifadə edilməsi olduğundan həyata keçirilən təbliğati işlərlə yanaşı rayonda yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təbliğ edilməsi, onların asudə və istirahət vaxtlarının səmərəli təşkili, idmana olan marağının artırılması istiqamətindəki işlərə ciddi fikir verilir. Hərbi-vətənpərvərlik, idman, turizm yarışları, intellektual oyunlar və bilik yarışmaları və s. çoxsaylı maraqlı tədbirlər təşkil olunur.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.