"Region Gənclərinin I Sahibkarlıq Forumu”
16 fevral 2019 | Gəncə şəhəri, Azərbaycan Respublikası

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyə dəstəyi, “Odlar Yurdu” Gənclər Ictimai Birliyinin təşəbbüs və təşkilatçılığı ilə respublikada ilk dəfə həyata keçirilən “Region Gənclərinin I Sahibkarlıq Forumu” nun 2-ci günü də uğurla yekunlaşıb.

“Gəncə Gənclər Evi”ndə forum iştirakçıları Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin Gəncə nümayəndəliyi, Gəncə Kob Dostunun rəhbəri Anar Əliyevin təqdimatında KOB fəaliyyəti haqqında info sessiyada iştirak ediblər. Həmçinin Sosial Biznes Gənclər Mərkəzinin təsisçisi, "One Young World" zirvəsinin Azərbaycanda elçisi, təlimçi/fasilitator, BMT səviyyəsində sahibkarlığı təmsil edən ilk Azərbaycanlı gənc sahibkar və Prezident Mükafatçısı Sara Rəcəblinin moderatorluğu ilə “sosial sahibkarlıq” mövzusunda seminarda iştirak etməklə yanaşı, “International Exchang Erasmus Student Network”un Azərbaycan üzrə Prezidenti Fatimə Əhmədovanın təqdimatında isə beynəlxalq imkanlar haqqında məlumat əldə ediblər. Nahar fasiləsindən sonra gənclər 2 qrupda “Maliyyə Savadlılığı”və “Biznes planın yazılması”təlimində iştirak ediblər.

Fəal iştirakçılar şəhadətnamə ilə təltif olunublar.

Layihənin icrasında əsas məqsəd region gənclərinin sahibkarlıq fəaliyyətinə cəlb olunması, həvəsləndirilməsi, onların biznes layihələrinin reallaşdırılması istiqamətində mövcud imkanlar haqqında məlumatlandırılması və öz bizneslərini qurmaları üçün lazım olan ilkin biliklərə sahiblənmələrinə şərait yaratmaqdır.

Qeyd edək ki, layihə Azərbaycan Gənclər Fondunun XI Qrant Müsabiqəsi çərçivəsində qalib olub. 1 dekabr 2018 -1 mart 2019-cu il tarixlərini əhatə edir.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.