“Dünyanı rənglərlə tanıyaq” layihəsi uğurla yekunlaşıb
27 yanvar 2019 | Mingəçevir şəhəri, Azərbaycan Respublikası

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə, “Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin təşkilati dəstəyi ilə həyata keçirilən “Dünyanı rənglərlə tanıyaq” layihəsi başa çatıb.

AZƏRTAC xəbər verir ki, istedadlı gənclərin üzə çıxarılması, onların rəssamlığa marağının artırılması məqsədi daşıyan layihədə həm orta məktəb şagirdləri, həm də universitet və kollec tələbələri iştirak ediblər.

Layihə zamanı gənclər dünya xəritəsindən ölkələr seçməklə rənglərlə boyayıblar. Eyni zamanda, təlimlərdə gənclərə rənglərin ifadə etdiyi mənalar, həmçinin rənglərin həyatımıza təsirləri haqqında danışılıb. Qruplara ayrılan iştirakçılar təqdimat zamanı seçdikləri rənglərin mənasını izah etməyə çalışıblar.

Üç gün ərzində keçirilən təlimlərdən sonra layihədə fəal iştirak edən gənclər sertifikatlarla təltif olunublar.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.