Qanla yazılan tarix
18 yanvar 2019 | Mingəçevir şəhəri, Azərbaycan Respublikası

18 yanvar 2019-cu il tarixində Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin, "Mingəçevir Gənclər Evi" Sosial Xidmət Müəssisəsinin, Mingəçevir Regional Debat Mərkəzinin və “Gələcək Gənclərlə Gələcək” Klubunun birgə təşkilatçılığı ilə "20 Yanvar" faciəsinin 29-cu ildönümünə həsr edilmiş "Dəyirmi masa" və "Faciələrin qəhrəmanlıq simvolu kimi təqdim olunması labüddür" mövzusunda Karl Popper formatında "Şou-Debat" keçirilib. Tədbirdən öncə 20 Yanvar şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Çıxış edən “Mingəçevir Gənclər Evi” Sosial Xidmət müəssisəsinin əməkdaşı Rəşad Qurbanov 20 Yanvar hadisələrinin ildönümünün silsilə tədbirlərlə bütün respublikada qeyd edilməsinin şəhidlərimizə verilən dəyərin bir göstəricisi olduğunu vurğulayıb, gəncləri keçirilən tədbirlərdə aktiv iştirak etməyə səsləyib.

Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin əməkdaşı Daşqın İsmayılov iştirakçılara 20 Yanvar faciəsi ilə bağlı məlumat verib. Bu tarixin xalqımızın qəhrəmanlıq tarixi olduğunu, yaddaşlarda silinməz izlər qoyduğunu diqqətə çatdırıb. D.İsmayılov qeyd edib ki, 20 Yanvar tarixi xalqımızın müstəqillik yolunda xüsusi istiqamət olub. Mingəçevir Regional Debat Mərkəzinin sədri Etiram Sadıqzadə debatların 20 Yanvar hadisələrinə həsr olunmasının səbəbinin gənclərin tariximizi, qəhrəmanlıq səhifəmizi daha yaxşı öyrənməsi, gələcək nəsillərə çatdırması olduğunu bildirib.

Daha sonra gənclər arasında şou-debat keçirilib. Debat iştirakçıları öz çıxışlarında qəhrəmanlıq tariximizin təbliği istiqamətində müxtəlif fikirlər səsləndiriblər.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.