Qəlblərdə yaşayan Qarabağ
24 noyabr, 2016 | Mingəçevir şəhəri, Azərbaycan Respublikası

Türk dünyasının ayrı-ayrı coğrafi məkanlarında yaşayıb yaradan gənc yazarların Qarabağ mövzusunda qələmə aldıqları poetik nümunələri Azərbaycan oxucusuna təqdim etmək baxımından Dünya Gənc Türk Yazarlar Birliyinin xəttiylə ölkəmizdə reallaşdırılan layihələr böyük əhəmiyyət kəsb edir. Məhz elə bu baxımdan sözügedən beynəlxalq qurumun – DGTYB-nin Mingəçevir şəhər Gənclər Evində keçirilən tədbirdə oxucuların diqqətinə təqdim olunan “Qəlbdəki və qələmdəki Qarabağ” və “Şeir çələngi” kitabları da bu istiqamətdə atılan ən uğurlu addımlardan hesab edilə bilər.

Tədbiri giriş sözü ilə açan 87 saylı Kəlbəcər rayon tam orta məktəbinin direktoru, şair Elşən Əzim, özünün də təmsilçisi olduğu Dünya Gənc Türk Yazarlar Birliyinin önəmli fəaliyyətindən, qurumun Məsləhət Şurasının sədri Əkbər Qoşalının ayrı-ayrı türk məmləkətlərində yaşayan yazarları tanıtmaq baxımından gördüyü əməli işlərdən və sözügedən hər iki nəşrin gərəkli olmağından danışmışdır.

Dünya Gənc Türk Yazarlar Birliyi Məsləhət Şurasının rəhbəri Əkbər Qoşalı ötən yüzilliyin sonlarından fəaliyyət göstərən DGTYB-nin indiyə qədər türkdilli ölkələrdə yaşayan istedadlı gənclərin ədəbi yaradıcılığının təbliğində mühüm rol oynadığını qeyd edərək, təqdim olunan hər iki kitabın bu istəklə nəşr edildiyini bildirmişdir.

Azərbaycan Yazıçılar Birliyi Mingəçevir bölməsinin sədri İsmayıl İmanzadə “Qəlbdəki və qələmdəki Qarabağ” və “Şeir çələngi” almanaxlarında şeirləri dərc olunan gənc soydaşlarımızın, o cümlədən gənc türk, özbək, qırğız, türkmən, tatar və kərkük əsilli söz adamlarının Qarabağa, bütövlükdə isə ölkəmizə yönəlmiş diqqətlərini yüksək qiymətləndirmişdir.

“Mingəçevir” qəzetinin baş redaktoru Mirsədi Daşdəmirov qardaş türkdilli xalqların ədəbiyyatlarından nümunələri əks etdirən hər iki kitabın oxucular üçün gərəkli olduğunu qeyd etmiş, bu işdə zəhmət sərf edən hər bir şəxsə minnətdarlığını bildirmişdir.

Tədbirə qatılan ədəbiyyatsevərlərdən Zahid Qasımlı, Nəsib Süleymanov, Yusif Ələkbərov, Ehtiram Sadıqzadə, Ramal İsmayılzadə, Aşıq Hikmət “Qəlbdəki və qələmdəki Qarabağ” və gənc şair İntiqam Yaşarın tərtib etdiyi “Şeir çələngi”ni uğurlu nəşr adlandırmaqla hər iki almanaxın oxucuların yaddaşında dərin iz salacağını əminlik hissi ilə söyləmişdirlər.

DGTYB-nin tədbirlərində fəal iştirakına görə şair Elşən Əzimə qurumun fəxri fərmanı təqdim edildikdən sonra Əkbər Qoşalı təqdimatı keçirilən almanaxlarla bağlı çıxış edən şəxslərə, şəhər İcra Hakimiyyəti rəhbərliyinə minnətdarlığını bildirmişdir.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.