“Təhlükəsiz şəhərim” layihəsinin təlimlərinə başlanılıb
22 yanvar 2019 | Mingəçevir şəhəri, Azərbaycan Respublikası

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə, “Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin təşkilati dəstəyi ilə 22 yanvar 2019-cu il tarixində Aytac Abdullayevanın “Təhlükəsiz şəhərim” layihəsinin təlimlərinə başlanılıb. Təlimdə çıxış edən layihə rəhbəri gənclərə layihə haqqında məlumat verib, onlardan təlimlərdə aktiv şəkildə iştirak etmələrini istəyib.

Layihədə Mingəçevirdə yaşayan və təhsil alan gənclər iştirak edib. Təlimin ilk günündə layihə iştirakçılarına yol hərəkəti qaydaları və ümumilikdə yollarda təhlükəsizliyi təmin edən müxtəlif yol nişanları haqqında məlumat verilib, sosial videoçarxlar göstərilib. Layihənin keçirilməsində əsas məqsəd gəncləri yol hərəkəti qaydaları haqqında məlumatlandırmaq və yollarda baş verə biləcək bütün hallara qarşı hazırlıqlı etmək, gənclərdə yüksək yol mədəniyyətinin formalaşdırılmasıdır. Təlimin növbəti günündə layihə çərçivəsində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun bir sıra müddəalarının izahı nəzərdə tutulub. Üç gün davam edəcək təlimi uğurla başa vuran iştirakçılar sertifikatlarla təltif olunacaqlar.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.