Mingəçevirdə “Region gənclərinin “Yaşıl hərəkatı” layihəsinin təqdimatı olub
22 yanvar 2019 | Mingəçevir şəhəri, Azərbaycan Respublikası

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə, “Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin təşkilati dəstəyi ilə “Region gənclərinin “Yaşıl hərəkatı” layihəsinin təlimlərinə start verilib.

AZƏRTAC xəbər verir ki, layihənin təqdimatında çıxış edən layihə rəhbəri Zəminə Ədilova layihənin keçirilməsində əsas məqsədin təmiz ekoloji mühitin vacibliyini gənclər arasında təbliğ etmək olduğunu vurğulayıb.

Keçirilən ilk təlimdə gənclər ekologiyanın qorunması, sağlam ekoloji mühitin faydaları haqqında məlumat alıblar. Ekologiyanın qorunmasına marağı artırmaq, regionlarda “Yaşıl hərəkatın” davamçılarının hazırlanması və aktiv gənclərin üzə çıxarılması layihənin başlıca məqsədini təşkil edir.

Layihə zamanı gənclər yeni dostluqlar əldə etmək, qrup işi bacarıqlarına yiyələnməklə yanaşı, ətraf mühiti çirkləndirən amillər, ətraf mühitin çirklənməsinin yaratdığı fəsadlar haqqında da biliklərə sahib olacaqlar.

Kamal Əhmədov tərəfindən iki gün keçiriləcək təlimlərin ilk günündə 30 gənc iştirak edib.

Təlimlərdə iştirak edən gənclər layihənin üçüncü günü Mingəçevir su anbarı ərazisində ekoturda iştirak edəcək. Layihəni uğurla bitirən gənclər sertifikatla təltif olunacaq.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.