20 Yanvar faciəsinin 29-cu ildönümü ilə bağlı tədbir
20 yanvar 2019 | Suraxanı rayonu, Azərbaycan Respublikası

Suraxanı Gənclər Evi ilə "Dan" Beynəlmiləlçi Gənclər İctimai Birliyinin birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə bağlı tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan Suraxanı Gənclər Evinin rəhbəri Natavan Rüstəmova bildirmişdir ki, hər bir xalqın qan yaddaşında yaşayan, onun milli kimliyində möhkəm yer tutan müəyyən hadisələr olmuşdur. Bu baxımdan 1990-cı ilin 20 yanvar gecəsi Bakıda və Azərbaycanın digər rayonlarında keçmiş sovet imperiyası qoşunlarının törətdiyi qırğınlar o dövrdə Azərbaycana qarşı edilmiş haqsızlıqlara qarşı mübarizə aparan xalqımızın qəhrəmanlıq tarixində mühüm yer tutur.

1990-cı il 20 yanvar gecəsi azərbaycanlılara qarşı törədilmiş qanlı qırğınlara qarşı ilk olaraq öz kəskin etirazını bildirən xalqımızın böyük oğlu Heydər Əliyev yanvarın 21-də xalqımızın haqq səsini bütün dünyaya bəyan etmiş və bu hadisələrə ilk siyasi qiymətini vermişdir.

Daha sonra "Dan" Beynəlmiləlçi Gənclər İctimai Birliyinin sədri Səbinə Əliyeva çıxışında gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsi üçün xalqımızın oğul və qızlarının qəhrəmanlıq tarixinin həmişə təbliğ olunması, ondan lazımi nəticə çıxarılması zərurətindən danışmışdır.

Sonra 20 Yanvar faciəsinə həsr olunmuş film nümayiş etdirilmiş, tələbələrin və fəal gənclərin təqdimatında qəhrəmanlıq və vətənpərvərlik mövzusunda şeirlər bədii qiraət olunmuşdur.

Daha sonra 20 yanvar faciəsi ilə əlaqədar rəsm əsərləri nümayiş olunmuşdur.

Sonda nümayiş olunan əsərlərin müəllifləri diplomla təltif olunmuşdurlar.

Tədbirə Suraxanı Gənclər Evinin rəhbəri Natavan Rüstəmova yekun vurmuşdur.