“Region könüllülərinin karyera məktəbi” layihəsinin təlimlərinə start verilib
08 yanvar 2019 | Mingəçevir şəhəri, Azərbaycan Respublikası

8 yanvar 2019-cu il tarixində Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə, “Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin təşkilati dəstəyi ilə “Region könüllülərinin karyera məktəbi” layihəsinin təqdimatı və ilk təlimi baş tutub.

Əsas məqsədi könüllülərin fəaliyyətinin stimullaşdırılması, onlar arasında əlaqələrin möhkəmləndirilməsi və könüllü fəaliyyətin təşkili olan layihədə Mingəçevirdə yaşayan və təhsil alan gənclər iştirak edib. Təlimin ilk günündə layihə rəhbəri Firəngiz Telmanlı iştirakçılara könüllülük haqqında məlumat verib, könüllü olmağın perspektivlərini onların diqqətinə çatdırıb. Regionlarda yaşayan gənclərin könüllü fəaliyyəti haqqında məlumatlarının azlığının günümüzün əsas problemlərindən biri olduğunu, layihə nəticəsində bu problemin aradan qaldırılmasına çalışacaqlarını qeyd edib. Müzakirə şəklində keçirilən təlimdə gənclər könüllü fəaliyyətlə bağlı öz fikirlərini bildirib.

Gənclərin komanda şəklində işləmə bacarıqlarının inkişafı, ilkin peşə təcrübəsinin qazanılması, gənclər və sosial xidmət müəssisələri arasında əməkdaşlığın qurulması və möhkəmləndirilməsində layihənin böyük rolu olacaq. Layihə müddətində könüllülərin xidmətindən yararlanan sosial xidmət müəssisələrinin nümayəndələri ilə könüllülərin diskussiyasının keçirilməsi isə könüllülərə üzləşdikləri problemlər haqqında birbaşa səlahiyyətli şəxslərə məlumat vermək imkanı yaradacaq. Təlimlər gənclərin könüllülük fəaliyyəti haqqında daha ətraflı məlumat əldə etməsi, təcrübə qazanması və asudə vaxtlarının səmərəli təşkilində müsbət rol oynayacaq.

Layihənin sonunda təlimləri uğurla başa vuran gənclər sertifikatlarla təltif olunacaqlar.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.