“AXC-nin 100 illiyinin qeyri-formal təbliği” layihəsi
02 dekabr 2018 | Gəncə şəhəri, Azərbaycan Respublikası

2 dekabr 2018-ci il tarixində Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və NAYORA-nın təşkilatçılığı ilə Gəncə şəhər “Gənclər Evi”ndə “AXC-nin 100 illiyinin qeyri-formal təbliği” layihəsi keçirilib.

Tədbirdə region üzrə ən aktiv təşkilatlarının onlayn müsahibə əsasında yüzlərlə gəncin arasından seçilmiş 40 üzvü iştirak etmişdir.

Tədbirin birinci hissəsində iştirakçılar ilk öncə komanda qurmağa (teambuilding) yönəlmiş müxtəlif oyunlar oynamış və bir birləri ilə yaxından tanış olmuşlar.

Daha sonra təlimçi Milana İbrahimova tərəfindən 5 müxtəlif qrupa bölünərək virtual application vasitəsilə AXC-nin tarixi, nailiyyətləri və əsas simalarına həsr olunmuş sual-cavab müsabiqəsində iştirak etmiş və daha sonra Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunmuş video çarxı izləmişlər.

Birinci hissə “AXC mənim üçün hansı əhəmiyyəti kəsb edir və AXC-nin ən böyük nailiyyətləri nədir?” sualı altında maraqlı müzakirələrlə yekunlaşıb.Tədbirin ikinci hissəsində iştirakçılara təlimçi Əlibaba Əliyev tərəfindən qeyri-formal təhsilin əhəmiyyəti, cəmiyyətin inkişafında rolu haqqında ilkin məlumat verilmiş, onun digər təhsil formalarından (informal, formal) fərqi barədə müzakirələr aparılmışdır. Daha sonra qeyri-formal təhsilin hansı meyarlara cavab verməli olması, metodları və əsas prinsipləri barədə də məlumatlar verilib.Son hissədə iştirakçılara kiçik layihələr hazırlamaq barəsində məlumat və təlimatlar verilmiş, iştirakçılar qruplara bölünərək AXC-nin qeyri-formal təbliğini təmin edəcək kiçik layihələr hazırlayaraq qısa təqdimatlar ediblər.

Azərbaycan Dövlət Aqrar Universitetini təmsil edən gənclər “AXC ADAU gənclərinin gözü ilə” layihəsi, Mingəçeviri təmsil edən gənclər AXC-nin 100 illiyinə həsr olunmuş “Xəmsə” İntellektual oyunu ideyasını irəli sürmüş, bundan əlavə “Demokratiyanın uşaqları”, “Əbədiyyətə oyanış” adlı layihə təklifləri də dinlənilmişdir. İdeya müəllifləri yaxın zamanda bu layihələri həyata keçirib NAYORA-ya hesabat yollayacaqlarını da qeyd ediblər.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.