Azərbaycanın İntellektual Birincisi
17 noyabr 2018 | Mingəçevir şəhəri, Azərbaycan Respublikası

17 noyabr 2018-ci il tarixində “Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi və "İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə “Azərbaycanın İntellektual Birİncisi” layihəsinin Aran iqtisadi rayonu üzrə zona turniri baş tutub. Turnirdə Ağdaş, Ucar, Yevlax, Göyçay, Zərdab, Mingəçevir şəhər və rayonlarının gənc intellektualları iştirak edib. Başlanğıc mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra Mingəçevir şəhər İcra Haкimiyyəti başçısının 1-ci müavini İlham İsmayılov, Mingəçevir şəhər Heydər Əliyev Mərkəzinin direktoru Bəxtiyar Mustafayev çıxış edərək layihə iştirakçılarına uğurlar arzulayıb. “İrəli” İctimai Birliyinin sədri MirHəsən Seyidov da öz növbəsində ölkədə gənclər üçün yaradılan şəraitdən, dövlət proqramından, intellektual yarışların gənclər üçün əhəmiyyətindən danışıb. Rəsmi hissə bitdikdən sonra Aran iqtisadi rayonu üzrə gənclərin zona turniri baş tutub.

4 intellektual oyunu ("Xəmsə", "Nə? Harada? Nə zaman?", "Axtar-tap", "Vətəni Tanı") əhatə edən layihədə “Vətəni tanı” intellektual oyununda Yevlax, “Axtar-tap”, "Nə? Harada? Nə zaman?” intellektual oyunlarında Mingəçevir, “Xəmsə” intellektual oyununda Ucar rayonunun gənc intellektualları qalib olublar. Qalib gələn komandalar Bakı şəhərində keçiriləcək final mərhələsinə vəsiqə qazanıblar.

“Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” dövlət proqramına uyğun olaraq keçirilən layihə ölkə gənclərinin potensial intellektinin qiymətləndirilməsi məqsədi daşıyır. Qeyd edək ki, “Azərbaycanın İntellektual Birİncisi” layihəsinin final mərhələsi Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunub və Bakıda keçiriləcək.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.