"Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin Simulyasiyası” layihəsi
18 noyabr 2018 | Gəncə şəhəri, Azərbaycan Respublikası

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilmiş növbəti tədbir, Azərbaycan Respublikasının Gənclər Fondunun, “Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin, “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin və “İşıqlı Gələcək” Gənclər İctimai Birliyinin birgə təşkilatçılığı ilə 18 noyabr 2018-ci il tarixində Gəncə Şəhər Gənclər Evində "Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin Simulyasiyası" layihəsi baş tutmuşdur.

Layihəyə qeydiyyat elan olunduqdan sonra 250-dən artıq gənc müraciət edərək, layihədə iştirak etmək istəyini bildirib. Gənclərlə müsahibə təşkil olunub, müsahibədən uğurla keçən 120 gənc layihədə iştirak şansı qazanıb. Seçimlər zamanı daxil olmuş müraciətlər əsasında müxtəlif regionlardan gənclər layihəyə dəvət olunub.

Layihə çərçivəsində parlamentin bütün strukturu gənclərdən formalaşdırılmış və Azərbaycan Xalq Cümhuriyyəti dövründə parlamentdə müzakirə edilmiş mövzular gənclərin müzakirəsinə çıxarılıb. Ümumilikdə simulyasiya çərçivəsində parlamentin 2 sessiyası keçirilib.

Həyata keçirilən sessiyalar zamanı gənclər o dövrün tarixi şəraitini və reallıqlarını nəzərə alaraq Azərbaycan Xalq Cümhuriyyətinin parlamentində təmsil olunmuş müxtəlif fraksiyaların adından müzakirələrdə iştirak edərək öz fikirlərini səsləndiriblər.

Sonda iştirakçılar üçün mədəni proqram təşkil edilib.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.