“Ulu babalarımızdan miras qalmış torpaqlarımız” adlı layihə
14 noyabr 2018 | Suraxanı rayonu, Azərbaycan Respublikası

Suraxanı Gənclər Evində ictimai xadimlər, elm adamları və gənclər təşkilatlarının nümayəndələrinin iştirakı ilə AXC-nin 100 illiyi ilə bağlı tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması silsiləsində “Ulu babalarımızdan miras qalmış torpaqlarımız” adlı layihə həyata keçirilib.

Tədbirdə ideya rəhbəri Sabir Rüstəmov, təşkilatçılar Suraxanı Gənclər Evinin rəhbəri Natavan Rüstəmova və Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov qonaqları salamlayaraq Qərbi Azərbaycan torpaqlarının işğal olunmuş Qarabağ və ətraf ərazilər kimi tarixi Azərbaycan torpaqları olduqlarından bəhs etmişlər. Gənc nəsil arasında bu kimi müzakirə və seminarların vacibliyini qeyd etmişlər.

Görüşdə eyni zamanda Dövlət İdarəçilik Akademiyasının kafedra müdiri, dosent Firdovsiyyə Əhmədova, Prezidentin və Silahlı qüvvələrin fəxri təqaüdçüsü Arif Məhərrəmov, “İRƏVAN: xatirələr və etiraflar” adlı qısametrajlı filmin rəhbəri Telman Qasımov, Vətəndaşların Sosial Rifahı naminə İB in sədri İradə Rzazadə, Qərbi Azərbaycana Qayıdış Birliyinin sədri Rizvan Talıbov, Əlillərin Beynəlxalq Əməkdaşlığı uğrunda İB icraçı direktoru Cavid Rəhimov, Göyçə az portalının redaktoru İlqar İsmayılov, Azərbaycan – Rusiya Gənc Ekspertləri və Jurnalistləri Klubunun nümayəndəsi Araz Dövlatov, Tatar diasporasının sədr müavini Emin Ramazanov və başqaları çıxış etmişlər.

Sonda Azərbaycanın tarixi torpaqları ilə bağlı gənclər tərəfindən hazırlanan videoçarx və İrəvan filmi nümayiş etdirilmişdir.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.