“Onlarla öyrənək və öyrədək” layihəsinin yekun tədbiri
30 noyabr, 2016 | Binəqədi rayonu, Azərbaycan Respublikası

Binəqədi rayon İcra Hakimiyyətinin dəstəyi və “Humel” Psixologiya Mərkəzinin təşkilatçılığı ilə rayonun məktəbəqədər təhsil müəssisələri ilə keçirilən “Onlarla öyrənək və öyrədək” layihəsinə 30 noyabr 2016-cı il tarixdə Binəqədi rayon Gənclər evində yekun vurulmuşdur.

Tədbirdə Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sevinc Süleymanova, rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Jalə Tofiqqızı, “Humel” Psixologiya Mərkəzinin baş psixoloqu Ülviyyə Hümmətova, uşaq psixoloqu Ülkər Sadıqova, Psixologiya Mərkəzinin digər mütəxəssisləri, rayonun məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri və nümayəndələri iştirak etmişdirlər.

Tədbirin əvvəlində rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sevinc Süleymanova qonaqları salamlayaraq, yeni istifadəyə verilmiş Binəqədi rayon Gənclər evi, burada gənclər üçün yaradılan şərait və imkanlar barədə tədbir iştirakçılarına məlumat vermişdir.

Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Jalə Tofiqqızı rayonun məktəbəqədər təhsil müəssisələri ilə keçirilən “Onlarla öyrənək və öyrədək” layihəsinin məqsədi və əhəmiyyəti haqqında danışmışdır. Sözügedən layihənin həyata keçirilməsində məqsəd - uşaqlarda yaranmaqda olan və pedaqoji fəaliyyətin inkişafında maneə yaradan psixi, sosial və başqa psixoloji nöqsanların aşkarlanması, onların aradan qaldırılmasında məktəbəqədər təhsil müəssisələrinə yardımçı olmaqdan ibarətdir.

Eyni zamanda “Humel” Psixologiya Mərkəzinin baş psixoloqu Ülviyyə Hümmətova və uşaq psixoloqu Ülkər Sadıqova rayonun məktəbəqədər təhsil müəssisələrində “Onlarla öyrənək və öyrədək” layihəsi çərçivəsində uşaqlarla keçirilən görüşlər, onlarla aparılan "Mənim ailəm", "Ev, ağac, adam", "İnsan rəsmi" adlı məşğələ-təlimlər və keçirilən görüşlərin yekun nəticələrinə dair təqdimatla çıxış etmişdirlər. Bildirilmişdir ki, 3 bağcada 80 nəfər uşaqla aparılan diaqnostika nəticəsində problemsiz və ya az problemli uşaqlar böyük faizlə çoxluğu əhatə edir. Qarşılaşılan problemlər sırasında isə sosial təlaş və adaptasiya, kiçik matorikanın ləngiməsi, nitq qüsurları və davranış pozuntuları mövcuddur. Psixoloqlar tərəfindən vurğulanmışdır ki, problem üzərində kompleks şəkildə çalışmaq lazımdır və uşaqlarla işdə müsbət nəticə əldə etmək üçün valideynlərlə, bağça tərbiyəçiləri və psixoloqların əlaqəli və birgə fəaliyyəti zəruridir.

Tədbir interaktiv müzakirələrlə davam etmişdir. Məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri layihənin əhəmiyyətini vurğulamışlar və belə görüşlərin tərbiyəçilərlə, eləcə də valideynlərlə keçirilməsinə böyük zərurət olduğunu qeyd etmişdirlər.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.