“Milli-mənəvi dəyərlərimiz: tarixilik, varislik, müasirlik” mövzusunda tədbir
29 noyabr, 2016 | Binəqədi rayonu, Azərbaycan Respublikası

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİİ) və Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 29 noyabr 2016-cı il tarixdə Binəqədi rayon Gənclər evində “Milli-mənəvi dəyərlərimiz: tarixilik, varislik, müasirlik” mövzusunda tədbir keçirilib.

Tədbirdə Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov, BŞGİİ-nin Gənclərlə iş sektorunun müdiri Zamin Əhmədov, Binəqədi rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Rauf Həsənov, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdir müavini Cahandar Əlifzadə, Komitənin Dini maarifləndirmə işinin təşkili şöbəsinin baş məsləhətçisi Tural Vəlizadə, gənclər iştirak ediblər.

Tədbirin əvvəlində iştirakçılar Gənclər evinin foyesində “Azərbaycan multikulturalizmi modeli” mövzusunda keçirilmiş rəsm müsabiqəsi iştirakçılarının əl işlərinin nümayişindən ibarət sərgiyə baxıblar.

Tədbirin rəsmi hissəsini giriş sözü ilə açan rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov ölkəmizdə milli-mənəvi dəyərlərin qorunub saxlanılması istiqamətində görülən işlərdən danışıb. O, Azərbaycanda tarixən müxtəlif xalqların mehriban, dostluq şəraitində yaşadığını tədbir iştirakçılarının nəzərinə çatdırıb və bunun ölkəmizdə mövcud olan multikultural dəyərlərin sayəsində mümkün olduğunu qeyd edib.

Sonra çıxış edən digər qonaqlar milli-mənəvi, tolerant, multikultural dəyərlərimizə təhlükə törədən potensial və real təhlükələrin, o cümlədən dini radikalizmin doğura biləcəyi mənfi nəticələrə diqqət çəkərək, gənclərimizə maariflənməyi tövsiyə ediblər.

Çıxışlardan sonra qonaqlar gənclərin suallarını cavablandırıblar. Tədbir Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin istehsal etdiyi “Fitnə” filminin nümayişi ilə davam etdirilib.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.