Mingəçevir Gənclər Evinin könüllüləri ekotur təşkil ediblər
15 oktyabr 2018 | Mingəçevir şəhəri, Azərbaycan Respublikası

“Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsi və “İşıqlı Gələcək” Gənclər İctimai Birliyinin birgə təşkilatçılığı ilə 14 oktyabr 2018-ci il tarixində “Mənim təmiz şəhərim” adlı ekotur keçirilib. İyirmi gəncin iştirakı ilə Mingəçevir su anbarı sahili tullantılardan təmizlənib, daha sonra isə bu tullantılar sahildən uzaqlaşdırılaraq lazımı yerlərə aparılıb. Gec məhv olan plastik şüşələrin atılması, qabların təbiətə atılması ərazinin çirklənməsinə, təbii örtüyün, heyvanlar aləminin zərər görməsinə səbəb olur. Bu tullantılar ekologiyaya zərər verməklə yanaşı istirahət mərkəzi olan yerlərin xarici görünüşünü də korlayır. Ərazilərin çirklənməsinin qarşısının alınması, ekologiyanın qorunmasına marağın artırılması, gənclərin asudə vaxtlarının səmərəli istifadəsi ekoturun keçirilməsinin başlıca məqsədini təşkil edir. Sonda iştirakçılarla ətraf mühitin qorunması ilə bağlı səyyar təlim keçirilib. Gənclərə təbiətin insanların həyat və fəaliyyətinə təsiri haqqında müzakirələr aparılıb.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.