Gənclər FLEX proqramı ilə yaxından tanış olublar
13 oktyabr 2018 | Mingəçevir şəhəri, Azərbaycan Respublikası

ABŞ Dövlət Departamentinin Təhsil və Mədəniyyət İşləri üzrə Bürosu tərəfindən maliyyələşdirilən FLEX proqramı nümayəndələrinin 2018-ci il üçün şagirdlərlə ilk məlumat xarakterli görüşü keçirilib. Bakı, Gəncə və Şəki şəhərləri ilə eyni zamanda “Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsində baş tutan görüşdə nümayəndələr şagirdləri proqram haqqında məlumatlandırıb, 2019-2020-ci il FLEX proqramı üzrə nəzərdə tutulan tələbləri onların diqqətinə çatdırıb.

FLEX proqramı keçmiş Sovet Birliyi ölkələri ilə Amerika arasında dostluq münasibətləri yaratmaq, Avrasiya regionundakı ölkələr ilə daha geniş qarşılıqlı anlaşma təcrübəsinin təşviqi məqsədilə yaradılıb. Artıq 26 ildir ki, FLEX 27.000-dən çox şagirdi təqaüdlə təmin edib, 2018-2019-cu illərdə bu proqram vasitəsilə 922 şagird hazırda Amerikada təhsil alır.

FLEX proqramı şagirdlərə Amerika Birləşiş Ştatlarının insanları və mədəniyyəti barədə məlumat əldə etmək imkanı verir. Eyni zamanda digər mədəniyyətləri qiymətləndirməyi, onlara həssas yanaşmağı öyrənir, fərdi inkişaf və müstəqillik imkanı əldə edir. FLEX təqaüdçeləri gənc səfirlər olmaqla Amerikalılarda Avrasiya ölkələrinin əhalisi və mədəniyyəti barədə təsəvvür yaradırlar. Şagirdlər Amerikanın qəyyum ailələri, ABŞ icmaları ilə güclü, çox zaman isə ömür boyu davam edən bağlar əldə edir.

Fiziki məhdudiyyətli şagirdlərin də iştirak edə biləcəyi proqram müvafiq kriteriyalara cavab verən şəxslərin fərdi nəticələrinə əsaslanır. Azərbaycan üçün müəyyən edilən sinif/yaş tələblərinə cavab verən, müraciət edilən vaxtda orta təhsil müəssisəsində təhsil alan, yaxşı vəya əla qiymətlər malik, qeydiyyat zamanı məqbul ingilis dili bilikləri nümayiş etdirən, ABŞ-ın viza uyğunluğu tələblərinə cavab verən şagirdlər proqramda iştirak edə bilər. Şagirdlər bir neçə mərhələ üzrə imtahanda mübarizə aparır. Seçim prosesi 2019-cu ilin yaz aylarında tamamlanacaq və bütün müraciət edən şəxslər 2019-cu ilin may ayının ortalarına qədər nəticələri barədə bildiriş alacaq. Finalistlər İyul-avqust aylarında Amerikaya səfər etməzdən qabaq, İyun-iyul aylarında baş tutacaq səfər qabağı hazırlıq təlimində iştirak edəcək. Şagirdlər 2020-ci ilin May və ya İyun ayında geri qayıdırlar.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.