Azərbaycanda yeniyetmə və gənclərin mövcud vəziyyətini dəyərləndirmək məqsədi daşıyan tədqiqat
15 oktyabr 2018 | Mingəçevir şəhəri, Azərbaycan Respublikası

Gənclər və İdman Nazirliyi ilə BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycan ofisinin birgə təşkilatçılığı, Təhsil Nazirliyinin tərəfdaşlığı ilə keçirilən Azərbaycanda yeniyetmə və gənclərin mövcud vəziyyətini dəyərləndirmək məqsədi daşıyan tədqiqatın ilkin nəticələrinin nümayişi və müzakirəsi ilə əlaqədar olaraq 15 oktyabr 2018-ci il tarixində “Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsində təqdimat keçirilib.

Yeniyetmə və gənclərin inkişafına dair vəziyyəti, onların müsbət inkişafını təmin etmək üçün lazım olan dəstək növlərini, ehtiytac duyduqları resursların əlçatan olması yolunda qarşılaşdıqları maneələr də daxil olmaqla lazımı məlumatların toplanılması məqsədilə ilkin tədqiqat aparılıb. Yerli və beynəlxalq tədqiqatçıların birgə əməkdaşlığı ilə ölkənin 2 şəhər və 4 rayonunda ( Bakı, Mingəçevir, Masallı, Tər-tər, Xaçmaz, Şamaxı) 10-24 yaş aralığında olan yeniyetmə və gənclər arasında sorğu keçirilib. Tədqiqat çərçivəsində üç fərqli seqment üzrə (məktəbdənkənar uşaqlar, əlilliyi olan gənclər və 15-24 yaş aralığında olan qızlar) fokus qrup formatlı şifahi müzakirələr təşkil edilib.

Layihə çərçivəsində sağlamlıq-rifah, təhsil-maarif, iqtisadi imkanlar, hüquq və təhlükəsizlik, iştirak və aktivlik olmaqla gənclərin inkişafının 5 vacib istiqamətə uyğun mövcud vəziyyət haqqında məlumatlar toplanılıb.

Aparılan tədqiqatın nəticələrinin diqqətə çatdırılması, gənclərin və ictimaiyyətin fərqli qruplarından olan insanların fikirlərini öyrənmək, təkliflərini dinləmək məqsədilə keçirilən tədbirdə Mingəçevir şəhər İcra Hakimiyyəti İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Taryel Şükürov, Mingəçevir şəhər Təhsil şöbəsinin nümayəndəsi Gündüz Abbasov,Mingəçevir Gənclər Evinin direktoru Tural Kərimov, kollec və orta məktəblərin nümayəndələri də iştirak edib.

Sənubər Heydərova, Səadət Abdullazadə sorğu zamanı Mingəçevir şəhəri üzrə müsbət nəticələr əldə etdiklərini qeyd edib, layihə çərçivəsində hər qurumun öz işinə uyğun olaraq təşəbbüslər həyata keçirdiklərini diqqətə çatdırıb. Buna uyğun olaraq “Əsas həyat bacarıqları” (UNİCEF) , “Gender və reproduktiv sağlamlıq təlimi” (BMT) və bu kimi digər təlimlər təşkil edilib.

Mingəçevir Gənclər Evinin direktoru Tural Kərimov Mingəçevirin şəhər olmasının, burada universitet, kolleclərin və Gənclər Evinin fəaliyyət göstərməsinin yeniyetmə və gənclərin düşüncəsinə, formalaşmasına müsbət təsir göstərdiyini, məhz bu səbəbdən müsbət göstəricilər əldə edildiyini vurğulayıb.

Daha sonra iştirakçılar mövcud vəziyyətlə bağlı öz təkliflərini bildiriblər. Mövcud istiqamətlər üzrə gələcək layihələr haqqında müzakirələr aparılıb.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.