“Narkomaniya bəşəriyyətin bəlasıdır! “adlı maarifləndirici tədbir
12 sentyabr 2018 | Gəncə şəhəri, Azərbaycan Respublikası

Gəncə şəhər Gənclər Evində şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə “Narkomaniya bəşəriyyətin bəlasıdır!” adlı maarifləndirici tədbir təşkil olunub. Tədbiri giriş sözü ilə açan şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov narkomaniyanın bu gün bəşəriyyətin ən ciddi problemlərindən biri olduğunu bildirib.

Müşfiq Cəfərov bu istiqamətdə dövlət tərəfindən qəbul edilən və imzalanan fərmanlar, sərəncamlar, qanunlar və Dövlət Proqramları barədə gənclərə məlumat verib. O, bu mövzuda yeniyetmə və gənclərin maarifləndirilməsinin vacib məsələlərdən biri olduğunu və bu istiqamətdə Baş İdarə tərəfindən mütamadi tədbirlərin həyata keçirildiyini qeyd edib.

Daha sonra çıxış edən Gəncə Narkoloji Dispanserin baş həkimi Sahil İsmayılov narkomaniyanın bu gün bəşəriyyətin ən böyük bəlası olduğunu və bütün ölkələrin bu bəlaya qarşı mübarizə apardığını vurğulayıb. O, gənclərə narkotik vasitələrin törətdiyi fəsadlar haqqında danışaraq, narkotik maddələrin insanın yaddaş və təfəkkürünü pozduğunu, həyata qarşı laqeydlik yaratdığını, insanların qara ciyər, böyrək, ürək xəstəliklərinə tutulma risklərini artırdığını, HİV infeksiyasına yoluxmanın daha çox narkotik istifadəçiləri arasında geniş yayıldığını bildirib. Siqaretin zərərlərini xüsusi olaraq vurğulayan həkim narkotik vasitələrdən istifadə edənlərin 99%-nin əvvəllər siqaret istifadəçiləri olduğunu da deyib.

Gəncə şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə bölməsinin əməkdaşı Comərd Rzayev çıxış edərək bəşəriyyətin ən böyük bəlalarından olan narkomaniyanın cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vurduğunu, sosial-iqtisadi inkişafa mənfi təsir göstərdiyini, insanların həyat və sağlamlıqlarına ciddi təhlükə yaratdığını və cinayətkarlığın artmasına səbəb olduğunu qeyd edib. O, gəncləri diqqətli olmağa və asılılıq yaradan, insanı məhvə sürükləyən kənar, zərərli təsirlərdən uzaq olmağa çağırıb.

Çıxışlarda Narkomaniyaya qarşı mübarizədə dövlət qurumlarının, ictimaiyyət nümayəndələrinin, pedaqoji işçilərin, valideynlərin, eləcə də cəmiyyətin hər bir üzvünün fəal rol oynamısının zəruriliyi vurğulanmış, bu tipli maarifləndirici tədbirlərin davamlı həyata keçirilməsinin vacibliyi qeyd olunub.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb və geniş diskusiya aparılıb.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.