“Kompüter texnikasının təmiri ustası” peşəsi üzrə ixtisaslı kadrların hazırlığı” təliml’ri
10 oktyabr 2018 | Mingəçevir şəhəri, Azərbaycan Respublikası

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maliyyə dəstəyi, Mingəçevir Məşğulluq Mərkəzinin təşkilatçılığı və “Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin ev sahibliyi ilə “ Peşə təhsili müəssisələrində “Kompüter texnikasının təmiri ustası” peşəsi üzrə ixtisaslı kadrların hazırlığı” təliminin 10.10.2018-ci il tarixində keçirilən mövzusu “Periferiya qurğularının əsas parametrləri” olub. Təlim Gülnar Məmmədova və Ruziyyə Mustafabəyli tərəfindən həyata keçirilib. Kompüterlərin inkişaf tarixi, EHM-lərin bir-birini əvəz edən nəsilləri ilə bağlı xatırlatmadan və fikir mübadiləsindən sonra yeni mövzunun tədrisinə başlanılıb. İnteraktiv üsullarla həyata keçirilən təlimdə əyani vasitələrdən də istifadə edilib. Təyinatına görə fərdi kompüterlərin giriş-çıxış qurğularından bəhs olunarkən iştirakçılara maus və klaviatura təqdim edilib, onların funksiyaları, istifadə olunma qaydaları, son dövrlərdə optik və radio siqnallar vasitəsilə işləyən mauslar haqqında danışılıb. Monitorun növləri, işləmə rejimləri, onları bir-birindən fərqləndirən əlamətlər, elektron-şüa borusu, mayekristal və plazma tipli monitorlar haqqında məlumat verilib. Monitorların əsas işinin kompüterə daxil olan məlumatlara və alınmış nəticələrə nəzarət etmək olduğu qeyd edilib. Dərsin sonrakı mərhələsində daxili və xarici yaddaş qurğuları haqqında məlumat verilib, əyani vasitələr və foto-nümunələr nümayiş etdirilib. Daxili yaddaşın daimi, operativ və keş olmaqla üç hissədən ibarət olduğu bildirilib. Kompüterin əsas qurğularını yoxlayan və əməliyyat sistemini başladan proqramların yerləşdirilməsi baxımından daimi yaddaşın daha əhəmiyyətli və əvəzedilməz olduğu iştirakçıların diqqətinə çatdırılıb.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.