“İnsan alverinə yox deyək” adlı konfrans
26 sentyabr 2018 | Saatlı rayonu, Azərbaycan Respublikası

26.09.2018 tarixində Saatlı Rayon İcra Hakimiyyətinin dəstəyi, Saatlı Rayon Gənclər və İdman İdarəsi, “Saatlı Gənclər Evi” sosial xidmət müəssisəsinin, Saatlı Rayon Məşğulluq Mərkəzi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin təşkilatçılığı ilə “İnsan alverinə yox deyək” adlı konfrans keçirildi.Tədbirdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən Saatlı Peşə Məktəbinin tələbələri, ” Saatlı Gənclər Evi” sosial xidmət müəssisəsinin əməkdaşları və könüllüləri iştirak edirdi. Tədbiri giriş sözü ilə açıq elan edən Saatlı Rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Qiyasov bu kimi tədbirlərin regionlarda keçirilməsinin əhəmiyyətinə toxunaraq, gənclərin bu sahədə maariflənməsinin mühüm olduğunu qeyd etdi. “İnsan alveri” ilə bağlı məruzəylə geniş çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin hüquqşunası Eldar Muradov “insan alveri” ilə bağlı Azərbaycan və dünyada mövcud olan faktları tədbir iştirakçılarının nəzərinə çatdırdı. Tədbirin gedişində çıxış edənlər-Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin psixoloqu Ülvi Zeynalov, Saatlı Rayon Məşqulluyq Mərkəzinin direktoru Bayram Mikayılov, həmin mərkəzin sektor müdiri Elvin Abbasov, “Saatlı Gənclər Evi” sosial xidmət müəssisəsinin direktoru Əzizağa Quliyev, “Aktiv Saatlı Aylığı” layihəsinin rəhbəri Etiram Sadıqzadə “insan alveri” məsələsindən danışaraq bildirdilər ki, “insan alveri” güc tətbiq etmək hədəsi ilə və ya güc tətbiq etməklə, oğurlama, dələduzluq, aldatma, vəziyyətdən sui-istifadə etməklə ödəniş və ya mənfəət verməklə və ya almaqla insanların istismar məqsədi ilə cəlb edilməsi, daşınması, gizlədilməsi və ya alınmasıdır. Qonaqlar dələduzların qurbanı olmamaq üçün insanların nələrə diqqət etmələrindən bəhs etdilər və iştirakçıları bu mövzuda maariflənməyə dəvət etdilər.

Daha sonra tədbir dəyirmi masa arxasında diskussiya şəklində yekunlaşdı

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.