"Azərbaycan Milli Qəhrəmanlarının gənclər arasında təbliği və tanıdılması” adlı tədbir
24 sentyabr 2018 | Gəncə şəhəri, Azərbaycan Respublikası

Gəncə şəhər Gənclər və İdman Baş idarəsinin təşkilatçılığı ilə Gənclər Evində “Azərbaycan Milli Qəhrəmanlarının gənclər arasında təbliği və tanıdılması” adlı tədbir keçirilib. Tədbirə Azərbaycan Müharibə Əlilləri, Veteranları və Şəhid ailələri İctimai Birliyinin (Gəncə filialı) üzvləri, Qarabağ Müharıbəsinin, şanlı Aprel döyüşlərinin iştirakçıları, ali və orta ixtisas təhsil müəssisələrinin tələbələri iştirak ediblər.

Dövlət Himni səslənildikdən sonra Azərbaycan Respublikasının dövlət müstəqilliyi, torpaqlarının bütövlüyü uğrunda Şəhid olmuş həmvətənlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Gəncə şəhər Gənclər və İdman Baş idarəsinin rəisi Müşfiq Cəfərov çıxış edərək, bildirib ki, əsas məqsəd qəhrəmanlıq tarixinin təbliği, milli qəhrəmanlarımızı və Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şücaət göstərmiş şəxsləri yeniyetmə və gənclər arasında tanıtmaqdır. Belə layihələrin həyata keçirilməsi, yeniiyetmə və gənclərin vətənpərvərlik tərbiyəsi sahəsində görülən işlərdə yaxından iştirak etməsi, gənclərimizə hərb tariximiz, döyüş ənənələrimiz, milli qəhrəmanlarımız, tarixi abidələrimiz haqqında ətraflı məlumat verilməsi gənc nəslin vətənpərvərlik ruhunun formalaşmasında müstəsna rol oynayır.

“Aprel şəhidləri gənclər üçün əsl qəhrəmanlıq məktəbinə çevrilib,”-deyən Müşfiq Cəfərov qeyd edib ki, ölkəmizin elə bir bölgəsi, elə bir kəndi tapılmaz ki, orada şəhid məzarı olmasın. Azərbaycanın bütövlüyü uğrunda, torpaqlarımızın qorunmasında canlarından keçmiş şəhidlərimizin ömür yolu gənclərimizə örnəkdir.

Qarabağ Müharıbəsinin, şanlı Aprel döyüşlərinin iştirakçılarından Məmməd Rəhimov, Rəşad Piriyev və Ənvər Əhmədov yaddaşlarına əbədi həkk olan döyüş xatirələrini gənclərlə bölüşüblər. Qeyd ediblər ki, qəhrəman Azərbaycan xalqının Vətənini göz bəbəyi kimi qorumağa hazır olan mətin gəncləri var.

Tədbir geniş disskusiya şəklində davam edib.

Sonda tədbir iştirakçıları “Qarabağa gedən yol” adlı sənədli filmini böyük maraqla izləyiblər.





“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.