Gənclərin Sosial Təşəbbüsləri Festivalı
07 sentyabr 2018 | Balakən rayonu, Azərbaycan Respublikası

07 sentyabr 2018-ci il tarixdə Balakən rayonunda Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Balakən rayon İcra Hakimiyyəti, Balakən rayon Gənclər və İdman İdarəsinin dəstəyi, Balakən rayon Gənclər Evi Sosial Xidmət Müəssisəsinin təşkilatçılığı ilə Gənclərin Sosial Təşəbbüsləri Festivalı (FındıqFest) keçirilmişdir. Festivalın məqsədi Gənclər Evlərinin əməkdaşları arasında təcrübə mübadiləsinin aparılması və gənclərlə işin effektivliyinin yüksəldilməsi, Gənclər Evlərinin istifadəçilərinin ictimai fəallığının artırılması, cəmiyyətin sosial problemlərinin həllində gənclərin sosial biliyinin artırılması, həmçinin gənclərə regionlarda kənd təsərrüfatının inkişafı haqqında məlumatın çatdırılmasıdır. Gənclər və İdman Nazirliyinin tabeliyində olan Gənclər Evlərinin əməkdaşları və fəallarının iştirakı ilə fındığın yığılması, sərgi və mədəni proqram təşkil edilmişdir. Festival ərazisində Balakən rayonun suvenirlərinin satış yarmarkası keçirilmişdir. Gənclər tərəfindən toplanmış fındıq və yarmarkadan əldə olunmuş gəlir Gəncə şəhər 1 nömrəli uşaq evindəki uşaqlara, 15 sentyabr Bilik günü münasibətilə lazımi məktəb ləvazimatları və geyimlər alınmış, Gəncə Gənclər evi və Balakən Gənclər evinin nümayəndələrinin iştrakı ilə uşaqlara təqdim edilmişdir.





“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.