“21 sentyabr - Beynəlxalq Sülh Günü”-nə həsr olunmuş tədbir
18 sentyabr 2018 | Gəncə şəhəri, Azərbaycan Respublikası

Gəncə şəhər Gənclər və İdman Baş İdarəsi və Gənclər Evi SXM-nin birgə təşkilatçılığı ilə baş tutan tədbir “Sülh aylığı” çərçivəsində keçirilib. Tədbirdə ekspert qismində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasovun və Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Gəncə Regional şöbəsinin nümayəndəsi Bayram İsmayılov iştirak ediblər.

Gənclər Evi SXM-nin direktoru Amil Qurbanov Beynəlxalq Sülh Gününün tarixindən söz açıb. O bildirib ki, 21 sentyabr - Beynəlxalq sülh günü 1981-ci ildə BMT tərəfindən təsis olunub. Sülh mövzusu bu gün torpaqlarının 20 faizi işğal altında qalan, bir milyondan çox qaçqın və məcburi köçkünü olan Azərbaycan üçün də xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan hər zaman sülhün tərəfdarıdır.

Çıxışlarda gənclərin maarifləndirilməsi baxımından bu cür tədbirlərin xüsusilə əhəmiyyətli olduğu vurğulanıb. Bildirilib ki, Ombudsman Elmira Süleymanovanın təşəbbüsü ilə hər il ənənəvi olaraq avqustun 21-dən sentyabrın 21-dək Azərbaycanda "Sülh aylığı" elan olunur. Bu aylıq çərçivəsində “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın müddəaları əsasında respublikanın bütün regionlarında insan hüquqları ilə bağlı silsilə tədbirlər təşkil edilir.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.