Dini radikalizmə yox deyək, milli mənəvi dəyərlərimizi öyrənək!
12 sentyabr 2018 | Şirvan rayonu, Azərbaycan Respublikası

Şirvan Gənclər Evinin akt zalında dini və milli mənəvi dəyərlərimizin təbliğ etmək məqsədilə maarifləndirici seminar keçirlimişdir. Seminarın açılışında Şirvan şəhər Gənclər və İdman İdarəsinin rəisi Azər Quliyev çıxış edərək bildirdi ki, islam dini dünyada ən geniş yayılmış monoteist dinlərdən biridir. Biz Azərbaycan gəncləri olaraq dinimizi dərindən bilməli, dini radikalizmə yox deməliyik və qədim adət ənənələrimizi, milli mənəvi dəyərlərimizi öyrənib gələcək nəsillərə ötürməliyik! Şirvan Gənclər Evinin direktoru Əfqan Həsənov qeyd etdi ki, biz gənclərlə işləyən dövlət qurumları olaraq belə maarifləndirici seminarları keçirməkdə əsas məqsədimiz gəncləri qeyri-ənənəvi dini təriqətlərdən uzaq tutmaq, dövlətə və dövlətçiliyə sadiq gənclər yetişdirməkdir. Çünki qeyri-ənənəvi dini təriqətləri yayan insanlar və ya hər hansı təşkilatlaröz məkrli siyasətlərini yürüdərək həmin gənclərin timsalında dövlətimizi uçuruma aparmağa çalışırlar. Mən gənclərə səslənirəm, gəlin, belə insanlara inanmayaq, təhsil alaq, dünyagörüşümüzü inkişaf etdirək və dövlətimizə layiqli vətəndaş kimi yetişək! Hər birinizə uğurlar! Daha sonra Şirvan Şəhəri İcra Hakimiyyətinin məsul işçisi Adəm Hüseynov çıxış edərək bildirdi ki,Azərbaycan islam ölkəsidir, eyni zamanda dünyəvi dövlətdir. Konstitusiyamıza əsasən, din dövlətdən ayrıdır. Yəni dövlət idarəçiliyi və qanunvericiliyi dini prinsiplərə əsaslanmır. Amma bu dövlətin dinə qarşı olduğu anlamına da gəlmir. Əksinə, beynəlxalq hüquq normalarına söykənən Anayasamız millətindən asılı olmayaraq, hər bir vətəndaşın dini etiqad azadlığını tanıyır. Bir məqamı da qeyd edək ki, ölkəmizdə dini ayrı-seçkiliyi, radikalizmi və s. təbliğ edən dini icmaların və cərəyanların fəaliyyəti qadağandır. Şirvan şəhər Heydər Əliyev Mərkəzinin direktoru Aynur Fərzəliyeva çıxışında qeyd etdi ki ,Azərbaycan dövlətinin yürütdüyü dini siyasəti beynəlxalq ictimaiyyət müsbət qarşılayır, digər dövlətlərə model kimi tövsiyə edir. Ölkə rəhbərliyinin müəyyənləşdirdiyi dövlət-din münasibətlərini tənzimləmə üsulu özünü tam doğruldur. Bunu dini əqidəsindən asılı olmayaraq, bütün vətəndaşlarımız gündəlik həyatlarında da hiss edirlər. Üstəlik ölkəmizi yaxından öyrənən xarici ekspertlər, din siyasəti ilə məşğul olan elmi araşdırmaçılar, nazirlər, politoloqlar, ilahiyyatçılar, qafqazşünaslar da Azərbaycanın dövlət-din münasibətləri modelini digər ölkələrə nümunə göstərirlər. Qafqaz Müsəlmanları İdarəsinin Şirvan Şəhəri üzrə səlahiyyətli nümayəndəsi Hacı Əvəz Mehrəliyev çıxış edərək bildirdi ki, islam dini digər dinlərə nisbətən gec yayılmasına baxmayaraq həmin dinlərdən üstünlüyü və qabaqcıllığı ilə fərqlənir.Din insanların mənəvi ehtiyacıdır. Hazırda dünyada, xüsusilə də Qərb dövlətlərində islam dininə maraq gündən-günə artmaqdadır.Azərbaycanda 2 mindən çox məscid fəaliyyət göstərir.Müstəqilliymiz bərpa olunan gündən bu günə qədər proses gedir. Dövlətin müəyyən olunmuş strategiyası artıq özünü göstərir. Belə ki, məscidlərin tikilməsi, hər kəndin, hətta böyük şəhərlərdə hər məhəllənin öz məscidinin olması dövlət strategiyasıdır. 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunması, İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə keçirilməsi bir daha sübut edir ki,Azərbaycan dünyanın əsas tolerantlıq və multikulturalizm mərkəzlərindən biridir. Seminarda gənclər arasında dini dəyərlərin qorunması, din dövlət münasibətlərinin tənzimlənməsi istiqamətində müzakirələr aparıldı və bu kimi maarifləndirici seminarların keçirilməsinin vacibliyi vurğulandı.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.