“Əlilliyi olan qadınlara yönəlmiş ayrı-seçkiliyə qarşı ictimai fəallığın artırılması” mövzusunda təlim
28-29 avqust 2018 | Gəncə şəhəri, Azərbaycan Respublikası

Gəncə Gənclər Evində təşkil olunmuş tədbirin keçirilməsində məqsəd əlilliyi olan qadınlara qarşı müvafiq qurumlarda görünən ayrı-seçkiliyi və problemləri aradan qaldırmaq üçün keyfiyyətli–effektiv, psixoloji yardımlar göstərmək, maarifləndirmə işləri aparmaq, həmçinin qabaqlayıcı tədbirlər görməklə sosial siyasətin hazırlanmasına dəstək vermək və reabilitasiya potensialını artırmaqdır.

Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndələri, sosial, təhsil, məşğulluq, mədəniyyət, turizm idarələrinin əməkdaşları, məhkəmə, polis, prokurorluq orqanları, QHT, KİV, əlilliyi olan qadınlar və əlil təşkilatlarının təmsilçiləri iştirak ediblər.

Tədbirdə çıxış edən layihə rəhbəri Məhluqə Rəhimova və Əlil Qadınlar Cəmiyyətinin Gəncə Şöbəsinin sədri Elmira İsmayılova əlilliyi olan qadınlara və qızlara qarşı fiziki, psixoloji, cinsi və maliyyə zorakılığı daxil olmaqla, mövcud olan bir sıra şiddət növləri haqqında danışıblar.

Sonra DAK-ın Azərbaycan nümayəndəliyinin rəhbəri Fatma Sofiyeva, Ombudsmanın Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov, Gəncə Gənclər evinin rəhbəri Amil Qurbanov, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin Gənclər sektorunun mudiri Rəşad Əlizadə, eləcə də bir çox idarə, təşkilat və müəssisələrin təmsilçiləri əlilliyi olan qadınlara qarşı ayrı-seçkilik və buna bənzər digər problemlərlə bağlı məruzələrlə çıxış ediblər.

Qeyd edilib ki, bu tip xanımlar digər sağlam qadınlar kimi eyni dəstək əldə edə bilmirlər. Zəif fiziki və kommunikativ davranış maneələri, əlilliyi olan bir çox qadınlar psixoloji mərkəzlər də daxil olmaqla zəruri dəstəyi almaqda çətinlik çəkirlər. Məhz əlilliyi olan xanımların ayrı-seçkiliyə məruz qalması, bu qadınlara qarşı diqqətin istənilən səviyyədə olmaması onları cəmiyyətə inteqrasiyadan çəkindirir və zorakılıq halları ilə üz-üzə qoyur.

Ümumilikdə tədbirdə iştirakçılar tərəfindən bölgələrdə yaşayan, əlilliyi olan qadınlara qarşı yönəlmiş ayrı- seçkilik hallarını yaradan problemlər müzakirə edilib və onların həlli yolları araşdırılıb.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.