Gəncə Gənclər evində təqdimat
23 avqust 2018 | Gəncə şəhəri, Azərbaycan Respublikası

Paralimpiya çempionu Ramil Qasımov Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin Gəncə regional bölməsinin müdiri vəzifəsinə təyin edilib. Bu münasibətlə Gəncə Gənclər Evində region paralimpiyaçılarının görüşü təşkil olunub. Görüşdə ARMPK-ın prezidenti İlqar Rəhimov, Gəncə şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Elnur Rzayev, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov, UAFA Gəncə İcma Əsaslı Reabilitasiya Mərkəzinin koordinatoru Rəzalə Abbasova, həmçinin idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

İctimai əsaslarla fəaliyyət göstərərəcək Regional bölmənin yaradılmasında məqsəd regionlarda paralimpiya hərəkatının sürətli inkişafını və seleksiya işlərinin aparılmasını təmin etmək, həmçinin paralimpiya dəyərlərinin cəmiyyət arasında təbliğini gücləndirməkdir. Bu fikirləri ARMPK-ın prezidenti İlqar Rəhimov səsləndirib. O, qeyd edib ki, Azərbaycanda Paralimpiya Hərəkətının əsası 1996-cı ildə qoyulub və bu sahədə böyük uğurlar əldə edilib. Hazırda Azərbaycanda 12 idman növü üzrə minlərlə paralimpiyaçı var. ARMPK-ın prezidenti vurğulayıb ki, Regional bölmə Gəncə də daxil olmaqla Göygöl, Samux, Şəmkir, Daşkəsən, Gədəbəy, Tovuz, Ağstafa və Qazax rayonlarında fəaliyyət göstərəcək.

Gəncə şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Elnur Rzayev çıxış edərək ARMPK-ın Gəncə Regional Bölməsinin yaradılamsının önəmindən söz açıb: “Azərbaycanda əlillərin idmana cəlb olunması sahəsində bir sıra işlər görülür və Regional bölmənin yaradılması da, bunlardan sadəcə biridir. Əlillər bilməlidirlər ki, dövlət də, cəmiyyət də hər zaman onların yanındadır”.

Paralimpiya çempionu Ramil Qasımov ona göstərilən etimada görə öz minnətdarlığını bildirib. Gəncə və ətraf bölgələrdən olan əlil gənclərin idmana cəlb edilməsi, onlar arasında xususi istedada malik olanların seçilməsi və inkişaf etdirilməsi istiqamətində işlərin aparılacağını vurğulayıb. O qeyd edib ki, bu həm də əlil gənclərin cəmiyyətə inteqrasiyası baxımından da çox önəmlidir.Çıxış edən Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov, UAFA Gəncə İcma Əsaslı Reabilitasiya Mərkəzinin koordinatoru Rəzalə Abbasova və idman ictimaiyyətinin nümayəndələri, ARMPK-ın Gəncə Regional Bölməsinin yaradılamsını alqışlayıblar. Çıxışlar zamanı Regional bölmənin fəaliyyətinin genişləndirilməsi, əlil uşaq və gənclərin idmana cəlb olunması və bugünədək bu sahədə əldə olunan nəaliyyətlərin daha da artırılması istiqamətində bir sıra təkliflər səsləndirilib.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.