Narkomaniyadan özümüzü qoruyaq
21 iyun 2018 | Mingəçevir şəhəri, Azərbaycan Respublikası

21 iyun 2018-ci il tarixində “Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsində Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Narkomaniyadan özümüzü qoruyaq” mövzusunda maarifləndirici tədbir keçirilib. Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni ümumdövlət vəzifəsi hesab edən xalqımızın ümummilli lideri Heydər Əliyev 1996-cı il avqustun 26-da müvafiq fərman imzalayıb. Tədbirdə Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli, “Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin dərnək rəhbəri Rəşad Qurbanov, rəis müavini Anar Şahbazov, idarənin əməkdaşı Daşqın İsmayılov və “Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin əməkdaşları və könüllüləri iştirak edib. Kamal Nəcəfli bu gün bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlığın ən ağrılı problemlərdən biri olduğunu vurğulayıb. Gənclər və İdman İdarəsinin rəis müavini də öz növbəsində hazırkı mürəkkəb şəraitdə narkomaniyaya qarşı mübarizədə bütövlükdə cəmiyyətin, dövlətin, xalqın, nəhayət, hər bir şəxsin fərdi və birgə fəaliyyətinə, bu cür təhlükəli təzahürlərə qarşı barışmaz mövqeyinə və əməli köməyinə böyük ehtiyac olduğunu qeyd edib. Daha sonra çıxış edən “Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin “Sosial-ictimai inkişaf”dərnəyinin rəhbəri Rəşad Qurbanov narkomaniyanın cinayətkarlığın inkişafına şərait yaratdığını, digər tərəfdən gənclərin sağlam inkişafına zərbə vurduğunu, bununla da gələcək nəsli təhlükə altına qoyduğunu bildirib.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.