Mingəçevirdə intellektual yarış keçirilib
15 iyun 2018 | Mingəçevir şəhəri, Azərbaycan Respublikası

Mingəçevir Gənclər Evi Sosial Xidmət Müəssisəsi və Mingəçevir Regional ASAN Xidmət Mərkəzinin birgə təşkilatçılığı ilə Regional ASAN Xidmət Mərkəzləri arasında 15 iyun "Milli Qurtuluş Günü"nə həsr edilən Nə? Harada? Nə zaman? formatında İntellektual yarış keçirilib.

Yarışda Mingəçevir Regional ASAN Xidmət Mərkəzi ilə yanaşı, Gəncə, Qəbələ və Bərdə ASAN Xidmət Mərkəzləri də öz biliklərini sınayıb.

İlk əvvəl komandalar hər qrupda 6 komanda olmaqla iki qrupa bölünüb. Hər seçim turunda isə komandalara 15 sual səsləndirilib. İki mərhələnin sonunda ən yüksək nəticə göstərən 4 komanda finala vəsiqə qazanıb. Finalda isə Mingəçeviri təmsil edən gənclər digər rəqiblərini üstələyib. Belə ki, Revolver komandası daha çox suala düzgün cavab verərək, yarışın qalibi olub. Həmçinin Mingəçevirin digər komandası Demokratlar 2-ci, Light city komandası isə 3-cü yeri tutub.

Gələcəkdə Mingəçevir ASAN Xidmət və Gənclər Evi arasında daha fərqli birgə layihələr həyata keçiriləcək.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.