Mingəçevirdə gənclər arasında debat turniri keçirilib
21 may 2018 | Mingəçevir şəhəri, Azərbaycan Respublikası

18-19 may 2018-ci il tarixlərində “İşıqlı Gələcək” Gənclər İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə, "Mingəçevir Gənclər Evi" Sosial Xidmət Müəssisəsinin ev sahibliyi və təşkilati dəstəyi ilə "İstedadlı gənclərin şəxsi məlumatlarını əks etdirən elektron bazanın yaradılması, onlara təlimlərin, həmçinin intellektual və idman yarışlarının keçirilməsi" layihəsi çərçivəsində gənclər üçün Debat təlimi və Karl Popper formatında debat yarışı keçirib. Təlimin keçirilməsində əsas məqsəd gənclərin natiqlik bacarıqlarının inkişafı etdirilməsi, həmçinin onların debat aparmaq vərdişlərinin formalaşdırılmasıdır.

18 mayda keçirilən Debat təlimində "İşıqlı Gələcək" Gənclər İctimi Birliyinin icraçı direktoru Rəşad Qurbanov gənclərə keçirilən layihə barəsində məlumat verib. O, bildirib ki, gənclərin danışıq qabiliyyətinin inkişafı, onların öz fikirlərini qarşı tərəfə çatdıra bilməməsi günün əsas məsələlərindən biridir. Məhz buna görə layihə müddətində tələbə gənclər üçün debat təlimi və debat yarışının keçirilməsi nəzərdə tutulub.

Daha sonra Debat Klubunun sədri və təlimçi Orxan İsmayılov həmçinin, aktiv debatçılar İlkin Əsgərli və Mübarək Aydəmirov tərəfindən iştirakçılara Debatın yaranması və inkişaf tarixi, hal-hazırda əsas istifadə edilən debat formatları haqqında ətraflı məlumatlar verilib.

19 may 2018-ci il tarixində isə təlimdə iştirak edən gənclər üçün "Peşə seçimində valideynlərin iştirakı zəruridir" mövzusunda Debat yarışı təşkil edilib. Yarışlarda təlimdə fərqlənən gənclər hakim, timekeeper, tamaşaçı və spiker olaraq iştirak ediblər.

Mingəçevir Dövlət Universiteti, Mingəçevir Tibb və Turzim kolleclərini təmsil edən tələbə gənclərin yarışdığı debatda final mərhələsində Mingəçevir Dövlət Universitetinin "Qarabağ" və Mingəçevir Tibb Kollecinin "MTK" komandası üz-üzə gəlib. Daha yaxşı inandırıcılıq bacarığı olan və debat qaydalarını daha yaxşı mənimsəyən Mingəçevir Dövlət Universitetinin təmsilçiləri yarışın qalibi olub.

Layihədə fərqlənən gənclər sonda sertifikatlarla təltif ediləcək.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.