“Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət-din münasibətləri” müzakirə olunub
25 may 2018 | Mingəçevir şəhəri, Azərbaycan Respublikası

Mingəçevir Şəhər İcra Hakimiyyətinin (ŞİH) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə Mingəçevir şəhər Gənclər Evində “Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət-din münasibətləri” mövzusunda tədbir keçirilib.

Toplantıda Mingəçevir ŞİH-in İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Sahib Əliyev, DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Əlisa Fərəcov, Mingəçevir Bələdiyyəsinin komissiya sədri, ŞİH başçısı yanında Dini İşlər üzrə Komissiyanın üzvü Zahid Qasımlı, Mingəçevir şəhər Gənclər Evinin direktoru Tural Kərimov, din xadimləri, dini icma üzvləri və gənclər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Mingəçevir Gənclər Evinin direktoru Tural Kərimov ulu öndər Heydər Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasını xalqımız üçün tarixi hadisə adlandırdığını diqqətə çatdırıb və Prezident İlham Əliyev tərəfindən 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsinin əhəmiyyətli hadisə olduğunu vurğulayıb.

Mingəçevir ŞİH-in İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Sahib Əliyev isə “Müsəlman şərqində ilk demokratik dövlət – Azərbaycan Xalq Cümhuriyyəti” mövzusunda çıxış edərək bu əlamətdar yubiley tədbirlərinin Azərbaycanın dövlətçilik tarixinin, müstəqillik illərində əldə etdiyi uğurların daha geniş şəkildə tanıdılması üçün əlverişli fürsət olduğunu qeyd edib.

Tədbirdə çıxış edən Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Əlisa Fərəcov “Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət-din münasibətləri” mövzusunda çıxış edərək AXC-nin 23 aylıq fəaliyyəti dövründə və Azərbaycan Respublikasında mövcud olan dövlət-din münasibətləri haqqında ətraflı məlumat verib. O, Azərbaycan Respublikasının AXC-nin siyasi və mənəvi varisi olduğunu bildirib, ölkəmizin regionda və dünyada vacib rolundan bəhs eib.

Daha sonra mövzu ilə bağlı digər natiqlər çıxış edib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.