“Əbədi Ezamiyyət” filminin nümayişi
23 may 2018 | Gəncə şəhəri, Azərbaycan Respublikası

23 may 2018-ci il tarixində Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində “Əbədi Ezamiyyət” filmi nümayiş etdirilib.

Tədbiri giriş sözü ilə açan Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov 2018-ci ilin dövlət başçısının Sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunduğunu xüsusi vurğulayaraq bildirmişdir ki, Azərbaycan xalqı müstəqilliyə çatmaq, bugünkü uğurlara nail olmaq üçün keşməkəşli bir tarixi yol keçib, bu yolda çoxlu qurbanlar verib, uzun illər gərgin mübarizə aparmalı olub. Nəticədə 1918-ci il mayın 28-də Şərqdə ilk demokratik respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığı elan edilib. O, bu kimi tədbirlərin Cümhuriyyətin ilk paytaxtı kimi Gəncə şəhərində silsilə tədbirlərlə qeyd olunmasının əhəmiyyətini xüsusi qeyd edib.

Gənclər evində baş tutan film nümayişində şəhərin ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri yaxından iştirak edib.

Qeyd edək ki, “Əbədi Ezamiyyət” filmi Azərbaycan Xalq Cümhuriyyətinin 1919-cu ilin yanvarında parlament sədri Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə Paris Sülh Konfransına ezam etdiyi nümayəndə heyətinin keşməkeşli taleyindən bəhs edir. Yaradıcı heyət filmin hazırlanması üçün ilyarım müddətində Bakı, Tbilisi, Moskva, Sankt-Peterburq və Paris şəhərlərindəki arxivlərdə araşdırmalar aparıb, bu şəhərlərdə video-foto çəkilişlər edilib, Fransada Azərbaycan mühacirəti ilə bağlı tədqiqat aparan alimlərlə görüş və söhbətlər lentə alınıb.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.