Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ilinə həsr olunmuş rəsm müsabiqəsi
11 may 2018 | Mingəçevir şəhəri, Azərbaycan Respublikası

“Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ilinə həsr edilən Tədbirlər planına uyğun olaraq şəhərin ümumtəhsil məktəblərinin şagirdləri arasında “Rəsm müsabiqəsi” təşkil edilib.

Tədbirdə çıxış edən Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli Ümummilli Liderin bütün sahələrdə olduğu kimi gənclər sahəsində də xüsusi işlər gördüyünü qonaqların diqqətinə çatdırdı. K. Nəcəfli qeyd etdi ki, hazırda ölkədə Gənclər və İdman Nazirliyinin, onun regional bölmələrinin əsas fəaliyyət istiqamətlərindən biri də istedadlı uşaq və gənclərin önə çəkilməsidir. Bu tipli müsabiqələrin, yarışların keçirilməsi uşaq, yeniyetmə və gənclərdə böyük stimul yaradır.

Gənclər Evinin dərnək rəhbəri Rəşad Qurbanov Ulu öndər Heydər Əliyevin ölkə gənclərinə göstərdiyi diqqət və qayğıdan bəhs edib. R. Qurbanov gənclər siyasətinin hal-hazırda ölkə prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirdi. O, həmçinin Gənclər Evinin fəaliyyət istiqamətləri haqqında iştirakçılara məlumat verdi. Gənclər Evi bütün şəhər gənclərinin öz bilik və bacarıqlarını, istedadlarını göstərmələri və inkişaf etdirmələri üçün ən ideal məkana çevrilib. Burada gənclər fərqli istiqamətlərdə qeyri-formal təhsil alaraq özlərini inkişaf etdirirlər.

Gənclər Evinin Rəsm müəllimi Gülnar Şöyübova Rəsm müsabiqəsinin keçirilmə qaydaları, təqdim olunan əl işlərinin qiymətləndirilməsi meyarları haqqında iştirakçılara və qonaqlara məlumat verdi. Müsabiqəyə təqdim edilən rəsm əsərləri kiçik, orta və böyük yaş qruplarına bölünərək dərnək rəhbərləri və ixtisas müəllimləri tərəfindən qiymətləndirilib.

Tədbirdə Mingəçevir Təhsil Şöbəsinin “Gənclər İnkişaf Mərkəzi”nin istedadlı şagirdləri rəqs nümunələri ilə çıxış edib.

Sonda isə yaş qruplarına müvafiq olaraq ilk 3 yeri tutan iştirakçılara Gənclər Evi tərəfindən sertifikatlar və dəyərli hədiyyələr tədqim edilib. Həmçinin sərgidə işləri nümayiş edilən 4 və 7 yaşlı iki azyaşlı uşaq və “Gənclər İnkişaf Mərkəzi” nin nümayəndəsi təşəkkürnamə ilə təltif edilib.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.