Fərid Cəfərov Mingəçevir Gənclər Evinin qonağı olub
25 aprel 2018 | Mingəçevir şəhəri, Azərbaycan Respublikası

25 aprel 2018-ci il tarixində şəhərimizin qonağı olan Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov “Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsini ziyarət edib. İcraçı direktor müəssisədə fəaliyyət göstərən dərnəklər və onların tərkibində olan klubların fəaliyyəti ilə yaxından tanış olub. Daha sonra Gənclər Evinin akt zalında gənclərlə görüş keçirilib.

Fərid Cəfərov doğma şəhərində gənclərlə görüşməyin ikiqat sevindirici hal olduğunu vurğulayıb. Azərbaycan Gənclər Fondunun yeni təyin edilmiş icraçı direktorunu gənclərə təqdim edən Gənclər Evinin direktoru Tural Kərimov görüşün qeyri-formal, interaktiv şəkildə keçəcəyini bildirib. Gənclər onları narahat edən mövzular haqqında suallarını, həmçinin müxtəlif problemlərin həllinə dair təkliflərini səsləndiriblər. Gənclərin suallarını səmimiyyətlə cavablandıran F. Cəfərov gənclərin təkliflərini bəyəndiyini, onların arzu və istəklərini nəzərə alacağını qeyd edib. Layihələr və regionlarla iş sektorunun müdiri Orxan Ərəbov fondun fəaliyyəti və gələcək planları haqqında gəncləri məlumatlandırıb.

Fondun 7 ildir yaranmasına baxmayaraq, ilk dəfə olaraq icraçı direktorunun gənclərlə Mingəçevirdə şəxsən görüşdüyünü vurğulayan Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli fondun yeni dövrə qədəm qoyduğunu qeyd edib. Fərid Cəfərov: “ Bizim fondumuz sizin üçün etibar edəcəyiniz bir qurum olsun. Biz Bakı təşkilatı statusundan çıxıb region təşkilatı olmaq istəyirik”- deyə bildirib. Sonda müəssisəmizin fəal gənclərindən olan Heyran Bədəlbəyli Azərbaycan Gənclər Fondunun loqosu olan əl işini fondun icraçı direktoruna hədiyyə edib.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.