“Öz Biznesinə Başla” layihəsinin təlimlərinə yenidən start verilib
17 mart 2018 | Mingəçevir şəhəri, Azərbaycan Respublikası

Əhalinin özünə məşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında ölkə Prezidenti İlham Əliyevin 7 aprel 2016-cı il tarixli Sərancamı əsasında məqsədyönlü işlər aparılır. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi və Beynəlxalq Əmək Təşkılatının birgə əməkdaşlığı ilə şəhər və rayonlarda “Öz Biznesinə Başla” layihəsinin təlimlərinin keçirilməsi üçün fəaliyyətə başlanılıb. Bununla əlaqədar onlara təlimlərin keçirilməsi üçün BƏT-in baş təlimçisinin iştirakı ilə nazirliyin Bakı şəhərindəki və Göyçay rayonundakı Regional Peşə Tədrisi Mərkəzlərində təlim kursları təşkil edilməklə təlimçilər hazırlanıb. Artıq bu kursları bitirən 122 nəfər təlimçi sertifikatla təmin olunaraq, müqavilə əsasında ölkənin rayon və şəhərlərində özünüməşğulluq proqramında iştirak etmək üçün müraciət edən vətəndaşlar üçün təlim kursları keçiriləcək.

Mingəçevir Gənclər Evində həyata keçirilən təlimlərə 15 nəfər iş axtaran cəlb olunub. Onlara xüsusi proqram üzrə təlim keçiriləcək. Uğurlu biznes plan hazırlayan iştirakçılar ailə biznesinin yaradılması üçün lazımi aktivlərlə təmin olunacaqlar.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.