“Gənclərimiz dövlətçiliyimizin möhkəmləndirilməsinə töhfə verirlər” mövzusunda tədbir
31 yanvar 2018 | Mingəçevir şəhəri, Azərbaycan Respublikası

“Bəzən gənclər hansısa yüksək vəzifəni tutmağa tələsirlər, Unutmayın ki, əksəriyyət gələcək karyerasını qurmağa sıravi işdən başlayır, hətta xeyli müddət könüllü kimi çalışır. Sizin də maddiyyət barədə deyil, addım-addım karyera dalınca gedəcəyinizə inanıram”.

2 Fevral Gənclər Günü münasibətilə yanvarın 31-də Mingəçevir Gənclər Evində keçirilən toplantıda Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli belə deyib. O, bayram münasibətilə təbriklərini çatdırıb, bu günün ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə ərsəyə gəldiyini diqqətə çatdırırb: “Əsası ümummilli lider tərəfindən qoyulan dövlət gənclər siyasətinin nəticəsində hazırda ölkəmizdə idarəetmə bacarığı ilə seçilən intellektual, dünyagörüşlü yeni nəsil yetişib”.

Toplantıda MDU-nun magistri Samrin Xanlayev “Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin 2017-ci ildəki fəaliyyəti və 2018-ci ildə qarşıda duran vəzifələri barədə məruzə edib, ötən il burada həyata keçirilən layihələr, tədirblər, təlim və seminarlar barədə ətraflı məlumat verib. Mingəçevir Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Tofiq Əsgərov, “Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin direktoru Tural Kərimov gənclərimizin ölkənin həyatında aktiv fəaliyyəti, intellektual imkanları və yaradıcılığı ilə dövlətçiliyimizin möhkəmləndirilməsinə töhfəsi barədə söhbət açıblar.

Tədbirin sonunda ötən ilki uğurlu fəaliyyətlərinə görə bir qrup fəal gəncə Fəxri Fərmanlar, kubok və sertifikatlar təqdim olunub.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.