Mingəçevirdə din xadimlərinin iştirakı ilə görüş keçirilib
13 oktyabr 2017 | Mingəçevir şəhəri, Azərbaycan Respublikası

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Mingəçevir Gənclər Evində şəhərdə fəaliyyət göstərən məscidlərin və dini icmaların rəhbərlərinin, fəal din xadimlərinin iştirakı ilə görüş keçirilib.

Görüşdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev, şöbənin əməkdaşı Əlisa Fərəcov, Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Sahib Əliyev, Mingəçevir Bələdiyyəsinin komissiya sədri Zahid Qasımlı, Gənclər Evinin direktoru Tural Kərimov iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev Mingəçevir şəhərindəki mövcud dini durum, məscidlərin imam və axundlarının fəaliyyəti, dini icmalar, onların fəaliyyətinin gücləndirilməsi istiqamətində görüləcək işlər barəsində ətraflı məlumat verib. O, yas mərasimlərində ehsan verilməsinin sadələşdirilməsinin vacibliyini vurğulayaraq tədbir iştirakçılarının bu məsələyə münasibət bildirməsini xahiş edib və onun təklifi iştirakçılar tərəfindən dəstəklənib. O, həmçinin DQİDK-nin sifarişi ilə çəkilmiş “Fitnə” filminin məntiqi davamı olan “Şəhadət” filminin çəkilişlərinin başa çatdırıldığını və bu ekran əsərinin gələcəkdə müxtəlif auditoriyalarda nümayiş etdiriləcəyini söyləyib.

Sonra şöbənin əməkdaşı Əlisa Fərəcov Mingəçevir şəhərindəki dini icmaların fəaliyyəti barədə ətraflı danışaraq mövcud nöqsanları qeyd edib və onların aradan qaldırılması yolları barədə öz fikirlərini bildirib.

Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Sahib Əliyev ölkəmizdə mövcud olan dövlət-din münasibətlərindən söhbət açaraq, Mingəçevir şəhərində bu istiqamətdə görülən işlərdən danışıb.

Daha sonra Mingəçevir Bələdiyyəsinin komissiya sədri Zahid Qasımlı çıxış edərək müzakirə olunan məsələlərə öz münasibətini bildirib və Yevlax bölgəsi üzrə şöbənin bu sahədəki fəaliyyətini yüksək qiymətləndirib.

Sonda iştirakçıların təklifləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.


Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.