“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın məzunu ilə görüş keçirildi.
30 avqust 2017 | Binəqədi rayonu, Azərbaycan Respublikası

30 avqust 2017-ci il tarixdə Binəqədi Gənclər Evi sosial xidmət müəssisəsində “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Böyük Britaniyanın East Anglia Universitetinin Beynəlxalq diplomatiya ixtisası üzrə məzunu, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (Azərtac) Londonda nümayəndəsi Orxan İsmayılovla görüş keçirilmişdir.

Tədbirdə Binəqədi rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Rauf Həsənov, Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov, "ASAN Master - 2" layihəsi çərçivəsində rayon İcra Hakimiyyətində təcrübə keçən 10-cu qrup ASAN könüllüləri, YAP Binəqədi rayon Təşkilatının fəalları, 2017/2018-ci tədris ilində 650 bal toplayaraq Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Politologiya fakültəsinə daxil olmuş 299 №-li məktəb-liseyin məzunu Nail Əliyev iştirak etmişdir.

Tədbiri giriş sözü ilə açan Elvin Aslanov iştirakçıları salamlayaraq, görüşün məqsəd və mahiyyəti barədə ətraflı məlumat verdi. E.Aslanov bildirdi ki, Binəqədi rayon İcra Hakimiyyətinin dəstəyi, YAP Binəqədi rayon Təşkilatı və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən “Gənclik və Şəxsiyyətlər” layihəsi çərçivəsində baş tutan görüşlər ölkənin elm sahəsində, ictimai-siyasi, mədəni həyatında seçilən insanlarla gənclərin dialoqunun, onların bilik və təcrübələrinin paylaşılmasına xidmət edir.

Sonra çıxış edən Binəqədi rayon İcra Hakimiyyətinin nümayəndəsi Rauf Həsənov qeyd etdi ki, gənclərin asudə vaxtlarının səmərəli təşkili və ölkənin ictimai həyatında onların aktiv fəaliyyətinin təmin edilməsi hər zaman rayon rəhbərliyinin diqqət mərkəzindədir.

Çıxışlardan sonra Orxan İsmayılov təhsildə qazandığı nailiyyətlər, eləcə də xaricdə təhsillə bağlı fikirlərini gənclərlə bölüşdü. “Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasının yolları və bunun əhəmiyyəti” mövzusu ətrafında geniş məruzə edən natiq, bu sahədə olan təcrübə və tövsiyələrini iştirakçılara bildirdi, onların suallarını cavablandırdı.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.