“Region gənclərinin kiçik sahibkarlıq fəaliyyətinə dəstək” adlı layihənin təlimlərinə start verilmişdir
3 may 2017 | Mingəçevir şəhəri, Azərbaycan Respublikası

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə 3 may 2017-ci il tarixdə Mingəçevir şəhər Gənclər Evində keçirilən “Region gənclərinin kiçik sahibkarlıq fəaliyyətinə dəstək” adlı layihənin təlimlərinə start verilmişdir. “İşıqlı Gələcək” Gənclər İctimai Birliyi tərəfindən həyata keçirilən layihənin əsas məqsədi - sahibkarlığın region gəncləri arasında təşviq olunması, kiçik və orta sahibkarlıqla məşğul olmaq istəyən gənclərin seçilməsi, onlar arasında hüquqi maarifləndirmə və sahibkarlıq fəaliyyətinə maraq yaratmaqdan ibarətdir.

Ölkəmizin gələcəyi olan gənclərin sahibkarlıq fəaliyyətinə və onların uğurlu karyera qurmasına yardımçı olmaq üçün maarifləndirmə işlərini gücləndirmək məqsədilə sözügedən layihənin təlimlərinin keçirilməsi zəruri hesab edilmişdir. 2 hissədən ibarət olan təlimdən ümumilikdə 50 nəfər gənc yararlanacaqdır. Təlimin ilk hissəsində iştirakçılar Mingəçevir Dövlət Universitetinin İqtisadiyyat fakültəsinin 25 nəfər tələbəsindən ibarət olmuşdur. Bu təlimin keçirilməsi region gənclərinin məşğulluğunun artırılmasına, onların işinin “Sahibkarlıq Məktəbi” vasitəsilə digər regionlarda da davam etdirilməsinə yardımçı olacaqdır.

“İşıqlı Gələcək” Gənclər İctimai Birliyinin sədri Tural Kərimov tədbirin açılışında çıxış edərək gənclərin bu sahədə maarifləndirilməsinin əhəmiyyətindən danışmış və kiçik və orta sahibkarlığın əhəmiyyətinin hər bir ölkə üçün əvəzsiz olduğunu bildirmişdir.

Daha sonra təlimçi Kamal Əhmədov təlimin məqsədi, biznes ideya, marketinq, satışın müəyyən edilməsi, alış və tədarük planının, investisiya həcminin müəyyən edilməsi, biznesin müxtəlif xərcləri haqqında iştirakçılara ətraflı məlumat vermiş və bu istiqamətdə maarifləndirmə işlərinin növbəti təlimlərdə də davam etdiriləcəyini qeyd etmişdir.

Sonda təlimdə iştirak edən gənclərə sertifikatlar təqdim ediləcək və onlar “Sahibkarlıq Məktəbi”nə üzv seçiləcəklər.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.