“Vətənpərvər gənclik güclü dövlətin əsas dayağıdır!” mövzusunda tədbir
17 fevral, 2017 | Gəncə şəhəri, Azərbaycan Respublikası

Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı, Qarabağ veteranlarının, şəhərin ali və orta ixtisas təhsil müəssisələrinin tələbə-gənclərinin iştirakı ilə “Vətənpərvər gənclik güclü dövlətin əsas dayağıdır!” mövzusunda tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov bildirmişdir ki, bu səpkidə olan tədbirlərin keçirilməsi gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynayır və bu tədbirlər Baş İdarənin tədbirlər planına uyğun olaraq mütəmadi həyata keçirilir. M.Cəfərov qeyd etmişdir ki, Azərbaycanda həyata keçirilən gənclər siyasətinin, gənclərə göstərilən diqqət və qayğının əsasında ölkəyə layiqli vətəndaş və sağlam nəslin yetişdirilməsi dayanır. Ölkəmizə məhz milli şüura malik, vətənpərvər gənclər lazımdır. Ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu müstəqil Azərbaycanın gənclər siyasəti də məhz bu amala xidmət edir. Ulu öndər müstəqil düşüncə tərzinə sahib vətənpərvər nəslin yetişməsini dəfələrlə qürur hissi ilə vurğulamışdır: “Məni hədsiz dərəcədə sevindirən odur ki, Azərbaycanın gələcəyini möhkəm əllərdə saxlaya bilən, Azərbaycanı daim bütün xətalardan qoruya bilən, Azərbaycanın dövlət müstəqilliyini, demokratik dövlətini qoruya bilən gəncliyi var”.

Daha sonra çıxış edən Qarabağ müharibəsi veteranı Fəxrəddin müəllim bildirmişdir: “Vətənpərvərlik qəhrəmanlığın əsasını qoyan amildir. Biz şanlı tariximizlə, əfsanəvi qəhrəmanlarımızla həmişə fəxr edirik. Cavanşir, Babək, Şah İsmayıl Xətai, Səmədağa Mehmandarov, Əliağa Şıxlinski, Cəmşid bəy Naxçıvanski, Həzi Aslanov, İsrafil Məmmədov, Mehdi Hüseynzadə kimi igid və cəsur sərkərdələrimizin şəxsi nümunəsi bizə əsas verir deyək ki, Azərbaycan xalqı qəhrəman xalqdır və bu xalq öz vətənini göz bəbəyi kimi qorumağa hazır olan mətin gənclər yetirmişdir. Bu gün gənclərimiz Mübariz İbrahimov, Çingiz Qurbanov kimi qəhrəmanları unutmamalıdırlar”.

Tədbir gənclərin sual və təklifləri, vətənpərvərlik mahnılarının ifa edilməsi ilə davam etmişdir. Vətənpərvərlik tədbirində şəhərin ali və orta ixtisas təhsil müəssisələrinin tələbə-gəncləri yaxından iştirak etmişdirlər.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
yuxarı
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.