”Xocalı qan yaddaşımız!” adlı maarifləndirici tədbir
23 fevral, 2017 | Gəncə şəhəri, Azərbaycan Respublikası

Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı, Ombudsman Gəncə Regional Mərkəzinin iştirakı ilə Xocalı faciəsinin 25-ci ildönümünə həsr olunmuş “Xocalı qan yaddaşımız!” adlı maarifləndirici tədbir təşkil olunmuşdur.

Tədbiri giriş sözü ilə açan şəhər Gənclər və İdman Baş İdarəsinin Gənclərlə iş sektorunun baş məsləhətçisi Xəyalə Qurbanova tədbirin vacibliyindən və Baş İdarənin tədbirlər planına uyğun olaraq bu kimi tədbirlərin mütəmadi icra olunduğunu diqqətə çatdırmışdır. X.Qurbanova qeyd etmişdir ki, hər il Xocalı faciəsinin ildönümü respublikamızda və dünyanın müxtəlif ölkələrində ürək ağrısı ilə qeyd olunur. Erməni təcavüzkarlarının törətdikləri bu vəhşilik yaddaşlardan heç zaman silinməyəcəkdir. Bu, təkcə Azərbaycan xalqına qarşı soyqırımı deyildi, bəşəriyyətə, insanlığa qarşı törədilmiş qanlı cinayət idi. O, tarixi həqiqətlərin çatdırılması istiqamətində gənclərin rolunu da xüsusi vurğulamışdır.

Daha sonra çıxış edən Ombudsmanın Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov bildirmişdir ki, bu soyqırım nəticəsində soydaşlarımızın əsas insan hüquqları, ən başlıcası isə təməl hüquq olan yaşamaq hüququ kütləvi şəkildə, kobudcasına pozulmuşdur. İnsanlığa qarşı törədilmiş bu qanlı faciəyə ilk dəfə hüquqi-siyasi qiymət məhz ümummilli lider Heydər Əliyev tərəfindən verilmişdir. Belə ki, 1994-cü ildə ulu öndərin təşəbbüsü ilə Azərbaycan parlamenti 26 Fevral tarixini Xocalı soyqırımı günü kimi elan etmişdir.

S.Abbasov qeyd etmişdir ki, bu gün Azərbaycan dövləti erməni millətçilərinin xalqımıza qarşı törətdiyi cinayətlər, o cümlədən Xocalı faciəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi tanıdılması üçün məqsədyönlü və ardıcıl iş aparır. Bu gün Xocalı faciəsinin soyqırım olması faktının dünyanın bir çox ölkələrinin və beynəlxalq təşkilatlarının qərarlarında, qətnamələrində öz əksini tapdığı qeyd olunmuşdur. Kanada, Meksika, Kolumbiya, Peru, Pakistan, Bosniya və Herseqovina, Rumıniya, Çexiya, İordaniya, Honduras və digər ölkələrin parlamentləri, eləcə də ABŞ-ın bir sıra ştatlarının qanunverici orqanları və İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımını tanıyıb. Beynəlxalq hüquqa görə, soyqırımı sülh və bəşəriyyət əleyhinə yönələn əməldir və ən ağır beynəlxalq cinayət sayılır. BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 saylı qətnaməsi ilə qəbul edilən və 1961-ci ildən qüvvəyə minən Konvensiyada soyqırımı cinayətinin hüquqi əsası təsvir edilib. Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı həmin Konvensiyada təsbit edilən soyqırımı cinayətinə aid bütün əməllər tətbiq olunub. S.Abbasov həmçinin vurğulamışdır ki, insanlığa qarşı törədilmiş bu cinayət aktı beynəlxalq aləm tərəfindən öz hüquqi qiymətini almalıdır.

Daha sonra çıxış edən Gəncə Dövlət Universitetinin Tarix-coğrafiya fakültəsinin Ümumi tarix kafedrasının dosenti Hüseyn Bəxtiyarov faciənin tarixi haqqında gənclərə geniş məlumat vermişdir. O, bildirmişdir ki, Azərbaycanın tarixinə qanlı hərflərlə yazılmış həmin gecə erməni silahlı dəstələri hələ SSRİ dövründə Xankəndi şəhərində yerləşmiş, şəxsi heyətinin xeyli hissəsi ermənilərdən ibarət olan 366-cı motoatıcı alayın zirehli texnikasının və hərbçilərinin köməyi ilə qədim Xocalı şəhərini yerlə-yeksan etdilər. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca amansızlıqla qətlə yetirildi, 487 nəfər şikəst oldu, 1275 dinc sakin əsir götürüldü, 155 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini itirdi.

H.Bəxtiyarov qeyd etmişdir ki, Xocalı faciəsi 200 ilə qədər bir müddətdə erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı apardıqları etnik təmizləmə və soyqırımı siyasətinin davamıdır. Soyqırımı zamanı 56 nəfər xüsusi qəddarlıqla öldürülüb, 3 nəfər diri-diri yandırılıb, başlarının dərisi soyulub, bədən əzaları və başları kəsilib, gözləri çıxarılıb, hamilə qadınların qarnı süngü ilə yarılıb. Bu əməllərin qabaqcadan düşünülmüş qaydada, milli əlamətinə görə insanların tamamilə və ya qismən məhv edilməsi niyyəti ilə törədilməsi beynəlxalq hüquqa əsasən Xocalı faciəsinin məhz soyqırımı olduğunu təsdiq edir.

Sonra Gəncə Dövlət Universitetinin Ümumi tarix kafedrasının doktorantı Emin Hümbətov çıxış edərək, Xocalı faciəsində öz qəhərmanlıqları ilə seçilən Əlif Hacıyev, Tofiq Hüseynov, Çingiz Mustafayev kimi qəhrəmanlar haqqında gənclərə məlumat vermiş və onların simasında bütün gəncləri vətənə bağlı olmağa və onun keşiyində daim hazır olmağa çağırmışdır. Daha sonra Xocalı həqiqətlərini əks etdirən videoçarx nümayiş olunmuş və faciə qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir. Yekunda gənclərin sual və təklifləri dinlənilmiş və qonaqlar bir daha vurğulamışdırlar ki, ədalət mütləq yerini tutacaq, Xocalı faciəsi soyqırımı kimi tanınacaq, eləcə də hazırda Cənubi Qafqazın iqtisadi güc mərkəzinə çevrilən, beynəlxalq aləmdə mövqeyini daha da möhkəmləndirən, hərbi qüdrəti ilə seçilən Azərbaycan düşmən tapdağı altında olan torpaqlarını azad edəcək, şəhidlərimizin qanı yerdə qalmayacaq, günahkarlar isə layiqli cəzalarını alacaqlar.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.