Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə əyləncəli tədbir
27 dekabr 2019 | Mingeçevir şəhəri, Azərbaycan Respublikası

“Mingəçevir Gənclər evi” sosial xidmət müəssisəsi, şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə əyləncəli tədbir keçirilib.

Tədbirdə Mingəçevir Gənclər Evinin aktiv könüllüləri, Uşaq və Ailələrə Dəstək Mərkəzi, Uşaq nevroloji sanatoriyası və İnteqrasiya təlimli İnternat tipli Gimnaziyadan olan uşaq və yeniyetmələr iştirak edib.

Tədbir zamanı çıxış edən müəssisənin direktor müavini Rüfət Qazızadə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir iştirakçılarını təbrik edib, bu bayramın dünyanın 70-dən çox ölkəsində yaşayan azərbaycanlılarla əlaqə qurmaq üçün bir vasitə olduğunu bildirib. Bu günü xalqımızın birlik, həmrəylik simvolu kimi qiymətləndirən Rüfət Qazızadə Yeni ilin hər kəsə bol ruzi-bərəkət, sülh, sevinc və yeni nailiyyətlər gətirməsini arzulayıb.

Daha sonra çıxış edən Kamal Nəcəfli Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün qeyd edilməsinin xalqımız tərəfindən zərurət və mənəvi ehtiyaca çevrildiyini bildirib. Bu günün bayram kimi təsis edilməsinin müəllifi olan Ümummilli Lider Heydər Əliyevin ölkə gənclərinin ictimai fəaliyyətinin yüksəldilməsi sahəsində geniş imkanlar yaratdığını qeyd edib. Bu gün məhz yeniyetmə və gənclərin şəxsi inkişafı, bilik və bacarıq səviyyələrinin yüksəldilməsinə çalışan Mingəçevir Gənclər Evinin öz işini uğurla həyata keçirdiyini söyləyib.

Yeni il əhval-ruhiyyəsini daha da artıran Şaxta Babanın gəlişi isə uşaqların sevincinə səbəb olub. Gənclər Evinin Rəqs Klubunun tələbə və könüllüləri, Uşaq və Ailələrə dəstək Mərkəzindən olan uşaq və yeniyetmələrin hazırladığı rəqslər tədbirə xüsusi rəng qatıb. Yeniyetmə və gənclərin zamanını daha da maraqlı keçirmələri üçün müxtəlif viktorina və oyunlar təşkil olunub. Sonda iştirakçılara müəssisə tərəfindən hazırlanan hədiyyələr təqdim edilib.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.