“Beyin Oyunları” adlı layihə həyata keçiriləcək
19 yanvar, 2019 | Mingəçevir şəhəri, Azərbaycan Respublikası

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə və “Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin təşkilati dəstəyi ilə “Beyin Oyunları” adlı layihə həyata keçiriləcək.

12 yanvar 2019-cu il tarixindən etibarən həyata keçiriləcək “Beyin Oyunları” adlanan layihə gənclərin bilik və məlumat bazasının möhkəmlənməsinə, bilikli, savadlı gəcnlərin yetişdirilməsinə müsbət təsir göstərəcək. “Nə? Harda? Nə zaman?”, “Xəmsə”, “Brain Ring” formatlarında təşkil olunacaq intellektual oyunlar gənclərin hərtərəfli intellektual inkişafına şərait yaratmaqla yanaşı, onların əqli səviyyədə sınanmasına gətirib çıxardacaq.

İntellektual yarışlar gənclərin kollektivləşməyə, kollektiv oyunlara marağının artırılmasında əvəzsiz rola malikdir. Layihənin başlıca məqsədi istedadlı gəncləri öz ətrafında toplamaq, mövcud intellektual bazaların daha da genişləndirilməsi, beynəlxalq intellektual yarışlara rəqabətə davamlı gənclərin hazırlanmasıdır. Layihə çərçivəsində regionlarda intellektual hərəkatın geniş yayılması istiqamətində işin aparılması, intellektual qrupların yaradılması, yaradıcı qabiliyyəti olan gənclərin dəstəklənməsi, onların inkişafına şərait yaradılması nəzərdə tutulub. Layihədən Mingəçevir, Ağdaş şəhərlərində yaşayan və təhsil alan, 3 kateqoriyaya mənsub gənclər və müəllimlər faydalana bilərlər:

I. 10-11-ci sinif şagirdləri;
II. Universitet və Orta İxtisas Təhsil Müəssisələrində təhsil alan gənclər;
III. Müəllimlər;

Layihəyə qeydiyyat komanda formasında aparılacaq. İştirak etmək istəyən komandalar aşağıda göstərilən linkdən istifadə etməklə lazımı formanı doldura bilərlər.

Siz də bilik və bacarığınızı yarışdırmaqla yanaşı əyləncəli zaman keçirmək istəyirsinizsə, bizə qoşulmağa tələsin.

Layihə 12, 13 və 19 yanvar 2019-cu il tarixlərində aparılacaq.

Qeydiyyat üçün son tarix: 11 yanvar 2019-cu il tarixi

Qeydiyyat linki: https://goo.gl/forms/4kMmxNdYQtNZ56He2




“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.